RU

Özbəkistan Azərbaycan təcrübəsi əsasında 36 ildən sonra ilk dəfə əhalisini siyahıya alacaq 

Özbəkistan əhalinin siyahıyaalınmasına hazırlaşarkən Azərbaycanın təcrübəsindən fəal şəkildə istifadə edib...

Maliyyə
24 sentyabr, 2025
14:51
Özbəkistan Azərbaycan təcrübəsi əsasında 36 ildən sonra ilk dəfə əhalisini siyahıya alacaq - EKSKLÜZİV

Bunu "Report"a açıqlamasında Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, iki ölkənin statistika qurumları arasında sıx və məhsuldar münasibətlər qurulub.

"Bizim 1998-ci ildə imzalanmış bir sazişimiz var. Bu saziş çərçivəsində bir neçə istiqamətdə sıx əməkdaşlıq edirik. Birinci istiqamət əhalinin siyahıyaalınmasıdır. Gələn ilin yanvarında Özbəkistanda 36 il ərzində ilk dəfə olaraq əhalinin siyahıyaalınmasının keçirilməsi planlaşdırılır. Biz Azərbaycanın təcrübəsini diqqətlə öyrəndik, dəfələrlə təcrübə mübadiləsi apardıq. Azərbaycan Dövlət Statistika Komitəsindən olan həmkarlarımız bizə siyahıyaalmanın təşkili, anketlərin və metodologiyanın işlənib hazırlanmasında böyük kömək ediblər. Bu əməkdaşlıq çox səmərəli olub", - B.Hamrayev qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın ikinci istiqaməti statistikanın inkişaf strategiyaları və proqramları ilə bağlıdır.

"Azərbaycan bu sahədə təxminən 5-6 proqram həyata keçirib. Özbəkistanda statistikanın inkişafına dair ilk strategiya 2019-cu ildə hazırlanıb. Onun hazırlanması zamanı biz azərbaycanlı həmkarlarımızın təcrübəsini fəal şəkildə öyrənərək istifadə etdik", - komitə sədri bildirib.

B.Hamrayev üçüncü istiqamət kimi statistik hesabatların optimallaşdırılmasını, o cümlədən seçmə tədqiqatlar və müasir informasiya texnologiyalarının tətbiqini vurğulayıb. "Azərbaycan qabaqcıl təcrübəyə malikdir və bunu bizimlə bölüşür, biz bu təcrübə mübadiləsini yüksək qiymətləndiririk", - o bildirib.

Sədr xatırladıb ki, Özbəkistan Dünya Bankı ilə birlikdə 2026-2030-cu illər üçün Statistikanın inkişafına dair yeni milli strategiya hazırlayır.

"Biz Dünya Bankının Vaşinqton ofisinin ekspertləri ilə əməkdaşlıq edir və ilin sonunadək sənəd layihəsini hazırlamağı planlaşdırırıq. Eyni zamanda, biz Azərbaycanla əməkdaşlığa həmişə açığıq və yeni strategiyanın işlənib hazırlanması sahəsində təcrübəmizi bölüşməyə hazırıq", - B.Hamrayev vurğulayıb.

 

Избранный
11
1
poliqon.info

2Источники