RU

Söyüşə görə həmkəndlisini öldürən yeniyetməyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 01 oktyabr 2024-cü il tarixdə, saat 19:20 radələrində, Şəmkir rayonu, Mahmudlu kəndi, “ikinci küçə” yaxınlığında baş verib.


Belə ki, yetkinlik yaşına çatmayan, 2009-cu il təvəllüdlü A.Abbasov əvvəlki günlərdə aralarında yaranmış şəxsi münaqişəyə görə həmkəndlisi, zərərçəkmiş İlham Abdullayevə qisas almaq niyyəti ilə evdə olan bıçağı götürərək görüşə gəlib. Görüş zamanı təqsirləndirilən şəxs İlham Abdullayevin özünə və ailəsinə qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənərək üzərindəki bıçaqla bir dəfə döş qəfəsinin sol arxa yan səthinə zərbə vurub. Nəticədə zərərçəkmişin sol ağciyəri və ürəyi zədələnib, kəskin qanitirmə səbəbindən ölümünə gətirib çıxarıb.


Hadisə zamanı İlham Abdullayev yerə yıxılaraq əlavə olaraq sağ diz oynağında sıyrıq və çənəaltı nahiyəsində əzilmiş-sıyrılmış xəsarətlər alıb.


Beləliklə, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə qisas məqsədilə İlham Abdullayevi qəsdən öldürüb.


Hadisədən törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 24 Sentyabr 2025, 10:06   
Избранный
25
4
pravda.az

5Источники