RU

DSMF əməkdaşını aldadan qadınla bağlı qərar verildi

Ali Məhkəmədə vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.


Məhkəmədə bildirilib ki, T.Adiyeva oğlu Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olaraq onun tanışı, DSMF-nin əməkdaşı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib. Onlar beynəlxalq bazarlarda qızıl alış-verişi və qazanc əldə etmək vədi ilə Fərhad Əhmədovdan 161 649 manat alaraq ələ keçiriblər.


Bundan başqa, T.Adiyeva oğlu vasitəsilə tanıdığı E.Tağıyevə 12 min, T.Ağakişiyevə 6 min, T.Süleymanova 8 min, İ.Əlixanova 7 min, S.Qədirova 52 min, A.İbrahimovaya 7 min, G.Rəhimovaya 6 280, S. Zeynalzadəyə 8 500, A. Əliyevaya 10 870 manat məbləğində zərər vurmaqla dələduzluq edib.


Onlar özlərini bəzi şəxslərə şirkət əməkdaşı kimi təqdim edib, beynəlxalq birjalarda neft-qaz, qiymətli metal alış-verişi ilə məşğul olduqlarını deyərək inam qazanıblar, bəzi hallarda onlara müəyyən məbləğlərdə “gəlir” ödəyərək şirnikləndiriblər.


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda T.Adiyevaya 7 il həbs cəzası təyin edilib. T.Adiyevanın oğlu Kəmaləddin barəsindəki iş isə ayrıca icraata verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 24 Sentyabr 2025, 09:46   
Избранный
15
pravda.az

1Источники