RU

Azərbaycan “Şəfqətli Türk dünyası”nda

TÜRKSOY-un təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində ilk dəfə “Şəfqətli Türk dünyası”  İncəsənət Festivalı keçirilib. 

Beynəlxalq məclis müxtəlif ölkələrdən gələn əlilliyi olan istedadlı ifaçıları, rəssamları, rəqqasələri, aktyorları və pianoçuları bir araya toplayıb.

Azərbaycanı festivalda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvləri, görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova, daun sindromlu rəqqasə Pərvanə Hüseynli və xoreoqraf Günay Muradinin tələbəsi Sevil Məmmədova təmsil ediblər. Onların ifasında təqdim olunan “Sarı gəlin”, “Ay Laçın” xalq mahnıları, eləcə də “Tərəkəmə” və “Uzun dərə” xalq rəqsləri festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Festival zamanı vurğulanıb ki, belə tədbirlər yalnız Türk dünyası mədəniyyətinin tanıdılması baxımından deyil, həm də qlobal miqyasda inklüzivliyin təşviqi üçün mühüm platforma rolu oynayır. Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və onların cəmiyyətə inteqrasiyası üçün bu cür festivalların əhəmiyyəti xüsusilə dəyərlidir. 

Sonda Azərbaycan nümayəndə heyəti diplom, sertifikat və medallara layiq görülüb. Nümayəndə heyətinin rəhbəri Mədinə Məhərrəmovaya isə xüsusi təşəkkürnamə təqdim olunub. 

Azərbaycan nümayəndə heyəti də öz növbəsində “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin əlilliyi olan üzvlərinin hazırladığı əl işləri və rəsm əsərlərindən ibarət hədiyyələri TÜRKSOY rəhbərliyinə təqdim edib.

Fidan ƏLİYEVA
XQ

 

 

Избранный
14
3
xalqqazeti.az

4Источники