BAKI, TurkicWorld, Nailə Babazadə
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində azı 7 fələstinli həlak olub. Hücumlarda əsas hədəflər yenə də sivil əhali, qaçqınların sığındığı çadırlar, yaşayış binaları və mülki nəqliyyat vasitələri olub.
TurkicWorld xəbər verir ki, xəstəxana mənbələrinin və görən şahidlərin məlumatına görə, Qəzza şəhərinin mərkəzində yerləşən Ömər əl-Muxtar küçəsindəki Haccac binasına hava zərbəsi endirilib. Bu hücum nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb, onlarca nəfərin enkaz altında qaldığı bildirilir.
Şəhərin qərbində yerləşən Şati Qaçqınlar Düşərgəsində bir evə edilən bombardımanda isə 3 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Eyni düşərgədə başqa bir evə də hava zərbəsi endirilib və çox sayda insanın yaralandığı və dağıntılar altında qaldığı qeyd olunur.
İsrail ordusu eyni zamanda Şati düşərgəsini havadan bombalamaqla yanaşı, Qəzzənin şimal bölgələrini də həm qurudan, həm də dənizdən atəşə tutub.
Qəzza şəhərinin qərbində yerləşən Qüds Açıq Universitetinin ətrafı və Meznar qovşağı da şiddətli hücumlara məruz qalıb.
Şəhərin cənubunda yerləşən Tel əl-Həva və Sabra məhəllələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil olunub, binalar və müxtəlif obyektlərdə böyük dağıntılar baş verib.
Eyni zamanda, İsrail topçu bölmələri Qəzzənin mərkəzindəki Meqazi Qaçqınlar Düşərgəsinin şərqini və Xan Yunis şəhər mərkəzini bombalayıb.