RU

Nəsimi yaradıcılığının ən mühüm cəhətlərindən biri insana məhəbbət ideyasıdır - Professor

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, mənəviyyat, incəsənət festivalının təntənəli açılışı keçirilib. Festival Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub, Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO) ilə tərəfdaşlıq əsasında reallaşıb.

Festivalın açılışında "Əbədi həqiqətin axtarışında" mövzusunda Beynəlxalq Forum keçirilib.

Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada, Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminən yetmiş tədqiqatçı və alim iştirak edib.

Tədbirin qonaqlarından biri - Humanitar və Mədəni Tədqiqatlar İnstitutunun (Institute for Humanities and Cultural Studies) professoru Sayed Cavad Miri (İran) panel sessiyada "Nəsiminin mistik aləminin vəyhi" adlı məruzə ilə çıxış edib.

"Bu gün burada, Bakıda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən bu şəhərə artıq beşinci dəfədir səfər edirəm. Lakin məhz bu dəfə ilk dəfə olaraq Nəsimi Beynəlxalq Festivalında iştirak etmək kimi nadir imkana yiyələnmişəm - bu, həqiqətən yüksək səviyyədə təşkil olunmuş bir tədbirdir. İmadəddin Nəsimi elə bir şəxsiyyətdir ki, onun əhəmiyyəti zaman və məkan sərhədlərini çoxdan aşır. Onun irsi bu gün də yaşayır və aktualdır, çünki o, ən başlıca olan insana, onun ruhuna, daxili dünyasına müraciət edir", - deyə Trend-ə Seyid Cavad Miri bildirib.

Onun sözlərinə görə, Nəsimi yaradıcılığının ən mühüm cəhətlərindən, əsas məqamlarından biri insana məhəbbət ideyasıdır.

"Və bu məhəbbət, Nəsimiyə görə, ətraf aləmə, təbiətə, həyata, bütün canlılara səmimi və dürüst münasibətdən doğur. Nəsiminin öyrətdiyi kimi, məhəbbətsiz kainatın mövcudluğu mümkün deyil. Məhəbbət olmadıqda, zamanların - keçmiş, indi və gələcəyin insanlığı ilə bağ qırılır. Elə məhz məhəbbət nəsilləri, mədəniyyətləri, sivilizasiyaları birləşdirən həmin o telə çevrilir", - deyə professor vurğulayıb.

Nəsimi Festivalı barədə danışarkən o, bunun sadəcə mədəni hadisə deyil, həm də bir daha dünyaya daxili işığın dəyərini, sözün qüdrətini və böyük nəzmin daşıdığı əbədi həqiqətləri xatırlatmaq imkanı olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
2
olaylar.az

3Источники