RU

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada bir müddət əvvəl sakinlərin arı yeşiklərini dağıdıb balı yeyən ayılar bu dəfə mal-qaraya hücum edib. Yerli əhalinin Bizim.Media-ya verdiyi məlumata görə Səbətlər kəndində ayı iki nəfərin təsərrüfatına girərək iki iribuynuzlu heyvanı parçalayıb.

Sakinlər bildirir ki, son vaxtlar kənddə canavar əvəzinə ayılar görünməyə başlayıb. Vəhşi heyvanlar gecə saatlarında şəxsi həyətyanı sahələrə girərək təsərrüfata ziyan vurur. Kəndlilər ayılarla necə mübarizə aparacaqlarını bilmədiklərini, qorxu və narahatlıq içində yaşadıqlarını deyirlər.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyev Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, hadisə Səbətlər kəndində, sakinlərin evlərinə yaxın ərazidə – meşəlikdə baş verib:
 

"Ayı ev heyvanlarına meşədə hücum edib. Oxşar hadisə bir neçə gün əvvəl Təngəaltı kəndində də baş verib. Orada ayı bir sakinin həyətinə girsə də, hər hansı ziyan verməyib. Sakinlərə tövsiyə edirik ki, mal-qaranı nəzarətsiz buraxmasınlar. Əks halda bu cür halların qarşısını almaq çətin olacaq."


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İlqar Ağabalayev də eyni fikirdədir. O, bu kimi halların baş verməsinin əsasən heyvanların çölə və meşə massivlərinə sahibsiz buraxılması ilə əlaqədar olduğunu deyib: “Bu səbəbdən vəhşi heyvanların hücumuna məruz qalırlar. Sakinlər bu məqama ciddi yanaşmalıdır və vəhşi heyvanların kəndlərə ayaq açmasına şərait yaratmamalıdırlar”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
12
1
bizim.media

2Источники