ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu gedişlə qızıl 2028-cu ilin sonuna qədər kəskin bahalaşacaq”.
Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov proqnoz verib.
Onun sözlərinə görə, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2 720 dollardan 3 700 dollara yüksəlib:
“Yəni 9 ayda 35,7% artım baş verib. Bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı vardır. Başqa sözlə, ABŞ höküməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər. Bu mütləq rəqəm deyil, amma sükan arxasında D. Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir”.
Ekspert bildirib ki, tarixi təcrübə də bu proqnozu təsdiqləyir:
“2017-ci ildə Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1 200 dollar idi. Onun prezidentliyinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1 840 dollar olmuşdu. Yəni Tramp dövründə qızıl 52–53 faiz bahalaşdı. İndi də Tramp hakimiyyətdədir və qızıl durmadan bahalaşır”.
E.Əmirovun sözlərinə görə, bunun səbəbi Trampın ucuz dollar siyasətinə üstünlük verməsidir:
“Dollar ucuzlaşanda Amerika ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur.Amma dolların ucuzlaşmasının başqa bir təsiri də var – qızıl bahalaşır. Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəiflədikcə qızıl dünya bazarında daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər”.
Ekspertin fikrincə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir:
“Bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir.Odur ki, hökumətlər, o cümlədən Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünə bilər. Çünki 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət artımında durğunluq yaşanacağını gözləmək olar. Eyni zamanda investisiya yatırmaq istəyən digər hüquqi və fiziki şəxslər üçün də bu yazdıqlarım dəyərləndirilə bilər. Amma tövsiyələrim qızılla bəzənib-düzənmək istəyənlərə aid deyil. Çünki bəzək-düzək məsələləri iqtisadiyyatın yox, həyatın estetik balansını qoruyan “investisiya”dır”.
Lalə, Bakupost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.