RU

Elçin Əmirbəyov: Regionda uzunmüddətli sülh və sabitlik üçün çox böyük imkanlarımız var

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ötən həftə Vyanada olub, avstriyalı yüksəkvəzifəli həmkarlarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb.

Oxu.Az xəbər verir ki, cümə günü APA (Austria Press Agentur - Austria Press Agency) ilə söhbətində Elçin Əmirbəyov ölkəsinin müxtəlif məsələlərlə bağlı mövqeyini izah edib və eyni zamanda, Bakının Vyana ilə daha sıx münasibətlər qurmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

O, səfərinin Azərbaycanın Avstriya ilə bütün sahələrdə apardığı davamlı dialoqun bir hissəsi olduğunu və 2025-ci ilin artıq bu baxımdan çox intensiv keçdiyini bildirib. Əmirbəyov iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələri, eləcə də iyun ayında iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Volfqanq Hattmannsdorferin Vyanada keçirilmiş görüşünü və hökumətlərarası ikitərəfli komissiyasının iclasını xatırladıb.

Azərbaycan səfirliyində - aktyor Hans Mozerin keçmiş villasında təşkil edilən müsahibədə E.Əmirbəyov hazırkı səfəri çərçivəsində Avstriya federal kanslerinin qlobal məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launski, Avstriya XİN-in baş katibi Nikolaus Marşik, həmçinin Avstriya parlamentinin spikeri Valter Rozenkrants ilə təşkil olunmuş görüşləri barədə danışıb.

"Keçən ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra biz regionda (Cənubi Qafqazda) yeni bir tarixi dövrə daxil oluruq və bu xüsusda avstriyalı həmkarlarımızı və dostlarımızı vəziyyət barədə məlumatlandırmağı məqsədəuyğun hesab etdik", - deyə diplomat E.Əmirbəyov Avstriyaya səfərinin səbəbini izah edib. Onun sözlərinə görə, yekun sülh sazişinin imzalanmasından əvvəl hər iki ölkənin hüquqi çərçivələri bu sazişin ruhuna və mahiyyətinə uyğun olmalıdır.

Diplomat, konkret olaraq, hazırkı Ermənistan konstitusiyasından qaynaqlanan problemi qeyd edib. Belə ki, konstitusiyanın preambula hissəsində Qarabağın dağlıq hissəsinə dair ərazi iddiaları mövcuddur. Bu region Sovet İttifaqının süqutundan sonra, beynəlxalq hüquqa görə, həmişə Azərbaycan dövlətinin bir hissəsi kimi tanınıb, lakin 1994-cü ildəki müharibədən sonra erməni qüvvələrinin nəzarətinə keçib - həmin vaxt yerli azərbaycanlılar bu ərazilərdən qovulmuşdular. 2020 və 2023-cü illərdə Azərbaycan öz torpaqlarına nəzarəti iki mərhələdə bərpa etdi.

"Uzunmüddətli sülh üçün böyük imkanlar"

"İmzalanacaq sülh sazişi qarşılıqlı ərazi iddialarından imtinanı nəzərdə tutur", - İlham Əliyevin köməkçisi izah edib.

"Regionda uzunmüddətli sülh və sabitlik üçün çox böyük imkanlarımız var", - o, nikbin ruhda bildirib. Ermənistan və Azərbaycanın bu münaqişəni Sovet İttifaqından miras aldığını və 1991-ci ildən sonra bir-biri ilə sülh şəraitində yaşamaması səbəbindən hələlik iki ölkə arasında qarşılıqlı etimadın, demək olar ki, mövcud olmadığını qeyd edib və vurğulayıb ki, bunun üzərində işləmək lazımdır.

E.Əmirbəyov bu istiqamətdə mühüm addım kimi Ermənistan ərazisindən keçəcək, Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək 43 kilometrlik avtomobil və dəmiryol xəttinin tikintisini göstərib.

"Burada söhbət yalnız Azərbaycanın iki hissəsinin birləşməsindən deyil, həm də Asiya və Avropanın birləşməsindən gedir", - deyə o, ənənəvi olaraq, "Zəngəzur dəhlizi" adlanan, lakin Vaşinqtonda "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan layihəni təsvir edib.

"Bu, siyasi iradə olduğu təqdirdə regionda hər kəsin faydalana biləcəyi sülh layihəsidir", - deyə E.Əmirbəyov İranın tənqidlərinə münasibət bildirib.

ABŞ tərəfindən idarə olunması nəzərdə tutulan və İran-Ermənistan sərhədində yerləşəcək bu marşrut barədə son zamanlar Tehranda narazılıqlar ifadə olunub.

Rusiya ilə gərginlikdə təmkin

Diplomat vurğulayıb ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra başladığı multivektorlu, çoxşaxəli xarici siyasəti davam etdirməkdədir.

"Yalnız qonşu ölkələrlə deyil, həm də böyük beynəlxalq tərəfdaşlarla müsbət və sabit münasibətlərdə olmaq bizim maraqlarımız çərçivəsindədir", - deyə o izah edib. Azərbaycan 1994-cü ildən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında iştirak edir, lakin ölkə heç vaxt NATO-ya üzv olmaq niyyətini ifadə etməyib.

O, həmçinin Bakı ilə Moskva arasında mövcud gərginliklərə də ehtiyatla münasibət bildirib. Bu gərginlik hər iki ölkədə qarşılıqlı olaraq vətəndaşların həbsinə gətirib çıxarmışdı. Rusiya televiziyası təbliğatçılarının son vaxtlar Azərbaycanı hərbi əməliyyatla hədələməsinə isə Əmirbəyov şərh vermək istəməyib. Onun ölkəsi üçün yalnız Rusiya prezidenti və hökumətinin mövqeyi əhəmiyyətlidir.

Avstriyada daimi neytrallığın gələcəyi ilə bağlı davam edən müzakirələrə gəlincə, E.Əmirbəyov bildirib ki, Azərbaycan burada yalnız xarici müşahidəçi kimi özünü görür.

"Avstriya bizim üçün dost ölkədir və biz ona bütün istiqamətlərdə uğurlar arzulayırıq, - deyə o qeyd edib. - Lakin bu məsələdə yekun qərar Avstriya xalqına və onun öz təhlükəsizlik maraqlarını necə qiymətləndirməsinə bağlıdır".

ATƏT-in keçmiş Minsk qrupu 28 il uğursuz oldu

Avropa İttifaqı ilə münasibətlərin tarixində enerji sahəsində əməkdaşlıq əsas vacib rol oynayıb: Azərbaycan təkcə yeni neft və təbii qaz yataqlarını istismara verməyib, həm də 2006-cı ildən bu xammalı Qərb bazarlarına nəql etmək üçün infrastruktur yaradıb və Avropanın enerji təhlükəsizliyinə töhfəsini verməkdədir. Avropada on ölkə, o cümlədən Avropa İttifaqının səkkiz üzv dövləti Azərbaycandan bu gün təbii qaz idxal edir. Cənub Qaz Dəhlizinə qoşulmamış Avstriyaya isə hazırda yalnız neft tədarük olunur.

"Bununla belə, Bakı və Brüssel arasındakı münasibətləri yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşdırmaq yanlış olardı", - E.Əmirbəyov izah edib və Avropa İttifaqının digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa da artan marağından danışıb.

O, baş qərargahı Vyanada yerləşən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) isə tənqid edib:

"ATƏT-in Nazirlər Şurasının 1 sentyabr qərarı ilə fəaliyyətinə xitam verilmiş Minsk qrupu və aidiyyəti strukturlar 28 il ərzində keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik cəhdlərində uğursuz olublar. Hazırda baş verən geosiyasi qarşıdurmalar fonunda təşkilata üzv ölkələr arasında ümumiyyətlə hər hansı bir məsələdə konsensusa əsaslanan razılığa gəlmək, demək olar ki, mümkünsüzdür".

Diplomat optimist qalmaq istədiyini deyib, lakin vurğulayıb:

"Əgər bütün üzv dövlətlərin bu təşkilatın öz fəaliyyətini necə davam etdirə biləcəyi ilə bağlı ümumi baxışı yoxdursa, onun gələcəyi barədə proqnoz vermək mənim üçün çətindir".

Onun fikrincə, ATƏT-in potensialı yalnız iqtisadiyyat, ətraf mühit, enerji və nəqliyyat məsələlərindədir.

Mətbuat azadlığı ilə bağlı problem yoxdur

Qərb QHT-lərinin Azərbaycanda mətbuat azadlığının olmaması ilə bağlı tez-tez səsləndirdiyi tənqidlərə gəldikdə, diplomat bu qiymətləndirmələrin obyektivliyinə şübhə ilə yanaşıb.

"Bəzən bu hesabatlar Azərbaycana heç vaxt gəlməmiş şəxslər tərəfindən hazırlanır", - deyə o bildirib və ittihamların çox vaxt internetdə yer alan əsassız mənbələrə istinad etdiyini vurğulayıb.

"Bir vaxt biz anladıq ki, insan haqları bizə təzyiqi artırmaq üçün bir bəhanə kimi istifadə olunur", - diplomat qeyd edib.

Əmirbəyov öz ölkəsində mətbuat azadlığı ilə bağlı problem olmadığını qeyd edib: internetdən istifadə azaddır, həm müxalifət, həm hökumətyönlü, həm də neytral media mövcuddur. Fikrini ifadə etmək istəyən hər kəs bunu edə bilər. Azərbaycanda bəzi jurnalistlərin həbsdə olması isə onların peşə fəaliyyəti ilə bağlı olmayan cinayətlərlə izah olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
3
oxu.az

5Источники