RU

Maşınla piyadanı vuraraq öldürən şəxsin cəzası yüngülləşdirildi

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mahir Balazadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Sabirabad Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli hökmü əsas cəzanın təyini və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi hissəsində dəyişdirilib. Hökmlə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə əsas cəzasının müddəti azaldılaraq 4 il 6 ay müddətə endirilib. Mahir Balazadə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


İttihama görə, hadisə 29 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Sabirabad rayonu, Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Mahir Balazadə idarə etdiyi “Ford Fusion” markalı avtomobillə hərəkətdə olarkən yolu solundan sağa qaçıb keçmək istəyən piyada - 1979-cu il təvəllüdlü Rauf Məmmədovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisədən sonra Mahir Balazadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalından dərhal həbsə alınmışdı.
 

Kamal Məmmədov 

Tarix: 23 Sentyabr 2025, 09:08   
Избранный
12
pravda.az

1Источники