RU

Payızın melodiyası: yağışın pıçıltısı, yarpaqların xışıltısı

Payız təbiətin ən duyğusal fəslidir. Gətirdiyi rənglər, səslər və hisslər insanın daxili dünyası ilə birləşərək özünəməxsus bir harmoniya yaradır. 

Yayın gurultulu günlərindən sonra payız bir növ sakitlik çağırışı kimidir. Havanın sərinləşməsi, günlərin qısalması, payızı daha da gözəlləşdirən narın-narın yağan yağışlar, dumanlı səhərlər, saralan yarpaqlar insanı düşüncələrə qərq edir. Bu fəsil rəngləri ilə insan psixologiyasına təsirsiz ötüşmür. Yağan yağışlardan sonra xəzəllər arasından boylanan təzə-tər otların yamyaşıl görüntüsü baharı, göy üzünü örtən boz buludların yaratdığı alaqaranlıq qışı xatırladır.

Həm bu bolluq fəsli sayılan payızda günəş işığının azalması ilə orqanizmdə serotonin səviyyəsi düşür, nəticədə insan özünü daha yorğun, daha kefsiz və bəzən də kədərli hiss edə bilər. Əslində, bu, təbiətin ritmlərinə uyğun bir dəyişiklikdir. Ağaclar yarpaqlarını tökür, hava sərinləyir və insan da bu dəyişikliklərdən təsirlənir. Beləcə, payız sehri insanı öz içinə baxmağa, daxili dünyasını daha dərindən dərk etməyə imkan yaradır.

Bununla belə, təbiət gəzintilərinin psixoloji təsiri payızda özünü daha qabarıq göstərir. Rəngbərəng yarpaqların arasından keçmək, meşə yollarında xəzəlin üstündə xışıltı ilə addımlamaq, sərin küləyin gətirdiyi torpaq və nəm qoxusunu duymaq insan beynində "xoşbəxtlik hormonları"nı artırır. Bu sadə gəzintilər gündəlik stresi azaldır, insanı sakitləşdirir və düşüncələrini yüngülləşdirir. Bir çox psixoloq payızda təbiətlə daha çox ünsiyyətdə olmağı məsləhət görür. Çünki payız təbiəti insanı həm ruh, həm də emosional baxımdan balanslaşdırır.

Yağışın səsi payızın ən böyük sehrlərindən biridir. Damların üstünə, pəncərəyə və ya torpağa düşən damcıların ritmik ahəngi sanki təbiətin musiqisidir. Bu "musiqi" beyinə sakitləşdirici siqnal göndərir, ürək döyüntüsünü yavaşladır, gərginliyi azaldır. Bir çox insanın yağışın səsinə qulaq asarkən yüngülləşməyi də bu səbəbdəndir. Yarpaqların xışıltısı da eyni təsirə malikdir. Xışıltının monotonluğu və təbiiliyi zehni rahatladır, sanki bütün gərginlik xəzanla birlikdə torpağın qucağına axıb gedir.

Payız həyat tərzinə də təsir edir. İnsanlar bu fəsildə daha çox evə çəkilir, özü üçün yuvasında sakit mühit yaradır, ailə ilə birlikdə vaxt keçirməyə meyillənir. Bayırda yağış yağarkən evdə isti bir mühit qurmaq, ailə ilə söhbət etmək və ya sakit bir musiqi ilə dincəlmək payızın gətirdiyi xüsusi bir zövqdür.

Eyni zamanda payız yaradıcı insanlar üçün ilham mənbəyidir. Ədəbiyyatda və incəsənətdə payız həmişə simvolik məna daşıyıb: hicran, vüsal, eyni zamanda gözəllik və təmizlik. Şairlər payızın sarı yarpaqlarını, boz səmasını və göz yaşına bənzəyən yağış damlalarını insan ruhunun güzgüsü kimi təsvir ediblər. Rəssamların da ən gözəl rəsmləri payız peyzajlarıdır. Bu fəsil həm kədəri, həm də ümidi bir arada yaşadır.

Bütün bunlar bir daha sübut edir ki, payız insanın psixologiyası və həyat tərzinə təsirsiz ötüşmür. O üzdən hər fəsli olduğu kimi qəbul etmək, onun gətirdiyi səsləri, rəngləri və qoxuları duymaq lazımdır. E.Ryazanovun məşhur bir filmindəki mahnıda deyildiyi kimi, "Təbiətin pis havası yoxdur". Sadəcə qəbul etmək yetər ki, payızda təbiət öz libasını dəyişsə də, o, insana daxili təmizlənmə, yüngüllük və yenilənmə bəxş edir. Yağışın pıçıltısı, yarpaqların xışıltısı və təbiətin sakitliyi insanı həyatın dərinliyini anlamağa çağırır.

Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Избранный
110
azerbaijan-news.az

1Источники