RU

Qlobal təhlükəsizliyin təminatında Azərbaycan öncül rol oynayır 

Hazırda dünyada geosiyasi güclərin müxtəlif maraqlar uğrunda apardıqları münaqişələr, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik və tərəqqi xüsusi  diqqət çəkir. Beynəlxalq arenada təhlükəsizlik adası kimi tanınan ölkəmiz nizamı pozulan dünyaya Qarabağ zəfəri ilə həm də ədalətin təmini, sülh və sabitliyin bərqərar olması ilə bağlı mükəmməl örnək göstərib. 

Torpaqlarının işğalı dövründə belə, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olan Azərbaycanın yürütdüyü düşünülmüş və uzaqgörən siyasət son beş ildir bölgədə dayanıqlı sülh üçün mühüm zəmin formalaşdırıb. Avqustun 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması, razılaşmalar əldə edilməsi təkcə Cənubi Qafqaz regionu deyil, daha geniş coğrafiyada gələcək əməkdaşlığa nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bütün sahələrdə sürətli inkişafa, enerji, nəqliyyat qovşağı kimi strateji mövqeyə sahib Azərbaycanın qlobal miqyaslı problemlərin həll edildiyi platformaya çevrilməsi də təəccüblü deyil. Bu gün nəinki paytaxtımızda, eləcə də cəmi beş il əvvələ qədər işğal altında olan Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq əhəmiyyətli konfranslar, forumlar keçirilir, dünyanın dörd bir yanından gələn ali qonaqlar qlobal məsələləri, bəşəriyyətin gələcək çağırışlarını müzakirə edirlər. 

Bu baxımdan Bakı Təhlükəsizlik Forumu da təhlükəsizliklə bağlı qlobal problemlərin həlli platforması olaraq vacib əhəmiyyət daşıyır. Sentyabrın 21-də keçirilən sözügedən forumun üçüncü iclasının iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir: "Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur". 

Dövlətimizin başçısı əlavə edib ki, bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur: "Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq".

Unikal formatlı beynəlxalq tədbir

I Bakı Təhlükəsizlik Forumu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il may ayının 3-də təşkil olunub. Müxtəlif ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksəksəviyyəli nümayəndələrinin qatıldığı forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. "Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" mövzusunda keçirilmiş iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. İştirakçılar tərəfindən tədbirə böyük marağın göstərilməsi əsas götürülərək, ötən il sentyabrın 15-də "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu təşkil edilib. Forumun mövzusu ilə bağlı iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələr tərəfindən çıxışlar edilib, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

Bu il sentyabrın 21-də keçirilən III Bakı Təhlükəsizlik Forumu "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, eləcə də qlobal xarakterli texnogen qəza və ekoloji fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin rolu" mövzusuna həsr olunub. 

Prezident İlham Əliyevin yuxarıda sözügedən müraciətində tədbirin mühüm əhəmiyyətindən bəhs edilərək bildirilib ki, Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir: "Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir".

Ötən il bu forumun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənib. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülüb. Prezident müraciətində məlumat verib ki, hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. 

İlham ƏLİYEV: "Sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür" 

Vaxtilə özü də münaqişədən, müharibədən əziyyət çəkən ölkə olaraq Azərbaycan dünyada daim sülhü təşviq edir, bu istiqamətdə atdığı addımları ilə qlobal təhlükəsizliyə mühüm töhfələr verir. Forum iştirakçılarına müraciətində bu məqama vurğu edən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib: "Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə - Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir".

Dünyada terrorçuluqla mübarizədə öndə gedən ölkələrdən olan Azərbaycan  müharibələrdən, təbii fəlakətlərdən və digər bu kimi qlobal miqyaslı problemlərdən əziyyət çəkən insanlara daim maddi kömək edir, dayaq-dəstək durur. Təkcə pandemiya dövründə Azərbaycan 100-ə yaxın ölkəyə humanitar kömək edib. Həmin çətin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Bundan əlavə, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı fəlakətin aradan qaldırılması üçün qardaş ölkəyə ilk beynəlxalq yardımı da məhz Azərbaycan yola saldı. Dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlətimiz qardaş ölkəyə hər cür dəstək göstərdi. Dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərən Azərbaycan Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Ukrayna xalqına da mütəmadi olaraq humanitar yardım göndərir. 

Bu cür nümunələrin sayını xeyli uzatmaq olar. Onu da qeyd edək ki, ölkəmiz ədalətli yeni dünya nizamının qurulması istiqamətində də qlobal səylər göstərir. Neokolonializmə qarşı fəal mübarizə aparan Azərbaycan müasir dövrdə də müstəmləkə siyasəti həyata keçirən ölkələri ifşa edir. 

Təbii ki, bütün bu beynəlxalq miqyaslı uğurlu fəaliyyətin təməlində ölkəmizin daxilindəki sabitlik, təhlükəsizlik, əmin-amanlıq dayanır. Xalq-iqtidar birliyinin vəhdətindən güc alan dövlətimizin yürütdüyü balanslaşdırılmış və ədalətə söykənən siyasət Azərbaycanı beynəlxalq arenada söz sahibi, etimad edilən, güvənilən və qlobal problemlərin həllinə töhfə verən qüdrətli ölkəyə çevirib. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
23
azerbaijan-news.az

1Источники