RU

Bəzi təhdidlər dövlətləri üz-üzə qoyur - İlham Əliyev maraqlı çıxış yolu təklif etdi...


Elşad Həsənov: “Təhlükəsizlik orqanları qarşılıqlı iş şəraitində bu məsələlərin həllində bir-birinə kömək etməlidirlər”

Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, bir sıra təhdidlər dövlətləri üz-üzə qoyduğu üçün ölkələrin birgə əməkdaşlığını tələb edir:

“Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir”.

“Bu problemin həlli ölkələrin bir-biri ilə yaxından əməkdaşlığı nəticəsində mümkündür”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, dünya çox sürətlə dəyişir, artıq dünyanın coğrafi, siyasi, iqtisadi xəritəsi dəyişdirilir. “Dünyada yeni-yeni təhdidlər yaranır, ekstremist qrupların, terrorçi dəstələrin apardığı müharibələr göz önündədir. Artıq dünyanı müharibə bürüyüb. Avropada, Asiyada, Afrikada, Amerikada müharibələr gedir. Bu müharibələr də artıq əvvəlki təsəvvürləri tamamilə dəyişib və yeni növ silahlardan istifadə olunmaqla həyata keçirilir. Hətta süni intellekt vasitəsilə idarə olunan silahlar istehsal olunur, pilotsuz uçuş aparatlarını süni intellekt idarə edir. Təsəvvür edin ki, hətta Albaniyada robot-nazir vəzifəyə təyin olundu. Süni intelletlə idarə olunan robort nazir postunu tutur. Yəni dünya çox sürətlə dəyişir. Bu zəmində doğrudan da dünyanın bir sıra nöqtələrində terrorçu qrupların apardığı dəhşətli əməliyyatlar nəticəsində də dövlətlər üz-üzə gəlirlər. Elə HƏMAS-ın İsrailə hucumu nəticəsində artıq iki ildir müharibə gedir. Bu illər ərzində yüzmindən çox fələstinli həlak olub, Qəzzadan 550 min fələstinli çıxarılıb, İsrail orada genosid siyasəti həyata keçirir, humanitar böhran yaranıb, texnogen qəzalar olur. Hazırda məhz Qəzzada ekoloji fəlakət yaranıb. Bütün bunlar da dini ekstremizmin, separatçılıq meyllərinin artığı bir dövrdə baş verir. Eyni zamanda da silah qaçaqmalçılığı ilə məşğul olan qrupların apardığı işlər nəticəsində əmələ gəlir. Doğrudan da bunlar ciddi təşviş doğurur, dünyanın aparıcı, inkişaf etmiş dövlətləri də bu məsələlərin qarşısının alınması üçün tədbirlər görür. Dünyanı qurtaracaq amillər onun təhlükəsizliyinin təmin olunmasıdır. Bu yöndə doğrudan da təhlükəsizlik orqanlarının üzərinə çox böyük vəzifələr düşür. Getdikcə onların qarşısına daha böyük məsələlər qoyulur. Çünki artıq artıq təhdidlər reallığa çevrilir. Narkotik və silah qaçaqmalçılıqları, transmilli mütəşəkkil cinayətkarlıq, ekstremizm, separatçılıq meylləri günü-gündən artır. Bütün bunlar da dövlətlərin var olmasına təhdid yaradır. Bunun üçün də təhlükəsizlik orqanları qarşılıqlı iş şəraitində bu məsələlərin həllində bir-birinə kömək etməlidirlər. Bu problemin həlli ölkələrin bir-biri ilə yaxından əməkdaşlığı nəticəsində mümkündür. Bu yöndə də Azərbaycanın son illərdə apardığı işlər təqdirəlayiqdir. Azərbaycanın təhlükəsizlik orqanlarının tərəfdaş ölkələrlə apardığı işlər nəticəsində bir sıra terror-təxribat hadisələrinin qarşısı vaxtından əvvəl alınıb, profilaktik tədbirlər görülüb. Xaricdə terror əməliyyatlarında iştirak etmiş bir sıra şəxslər müəyyən edilərək Azərbaycanda həbs olunublar. Azərbaycanda terror hadisləri törətmək istəyən müxtəlif qruplar, dəstələr zərərsizləşdirilib. Bütün bunlar, təbii ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında qoyulan ciddi məsələlərdir. Onlar da bu işləri şərəflə yerinə yetirirlər”.

E.Həsənovun sözlərinə görə, Prezident İlham Əliyevin müraciətində bugünkü reallığı əks etdirən bütün detallar özünü göstərir. “Çünki dünyanın idarə olunmasında artıq yeni elementlər, yeni sahələr ortaya çıxır. XXI əsr elm və texnika əsri olmaqla həm də bu cinayətkar qruplara, dəstələrə, qaçaqmalçılığa qarşı mübarizədən keçir. Bütün bunların vaxtında səmərəli surətdə qarşısının alınması da təhlükəsizlik orqanlarının qarşısında duran məsələlərdəndir.

Onu da qeyd etməyi vacib bilirəm ki, bu məsələdə əhalinin də ayıq-sayıq olması çox vacibdir. Bu məsələ təkcə bir ölkə daxilində aparılanda ciddi nəticələr vermir, ona görə də tərəfdaş ölkələrlə, qonşu dövlətlərlə, müqaviləmiz olan ölkələrlə birgə iş aparılan zaman həmin cinayətlərin qarşısının alınması da müsbət nəticə verir. Ona görə də hesab edirəm ki, təhdidlərin qarşısının alınması birbaşa təhlükəsizlik orqanları qarşısında duran məsələlərdir. Bu da böyük bacarıq, səbr və zəhmət tələb edir. Fikrimcə, Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları bundan sonra da qarşılarında duran vəzifələri şərəflə yerinə yetirəcəklər, Azərbaycanın ərazi bütövlüyünü, onun təhlükəsizliyini təmin etmək üçün var qüvvələri ilə çalışacaqlar”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA

Избранный
14
baki-xeber.com

1Источники