RU

Ər-Riyadda beynəlxalq “Sənaye transformasiyası 2025” sərgisi keçiriləcək

Qahirə, 22 sentyabr, AZƏRTAC

Dekabrın 1-dən 3-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda beynəlxalq “Sənaye transformasiyası 2025” sərgisi keçiriləcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “Texnologiya ilə gələcəyin qurulması” şüarı altında təşkil olunacaq sərgi üç əsas mövzunu əhatə edəcək: ağıllı texnologiyalar, dayanıqlılıq və çeviklik.

Sərgidə dördüncü sənaye inqilabının ən son yenilikləri – rəqəmsal transformasiya, süni intellekt, avtomatlaşdırma, davamlı enerji və qabaqcıl istehsal texnologiyaları təqdim olunacaq. Yerli və beynəlxalq şirkətlərin, investorların və ekspertlərin iştirakı ilə sərgi bilik mübadiləsi, sərmayə imkanlarının araşdırılması və sənaye sektorunda böyük transformasiyaları dəstəkləyəcək keyfiyyətli tərəfdaşlıqların qurulması üçün platforma yaradacaq.

Tədbir çərçivəsində konfranslar, seminarlar, təlimlər, innovasiya müsabiqələri və hakatonlar keçiriləcək.

Qeyd edilməlidir ki, Səudiyyə Ərəbistanı Milli Sənaye Strategiyası çərçivəsində 2035-ci ilə qədər zavodların sayının artırılaraq 36 mini keçməsini təmin etməyi, təchizat zəncirlərini inkişaf etdirməyi və qeyri-neft ixracını çoxaltmağı planlaşdırır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
13
1
azertag.az

2Источники