RU

Azərbaycanın İnvestisiya Forumu: Qlobal sərmayə üçün yeni platforma – TƏHLİL

Qlobal iqtisadiyyatda baş verən sürətli dəyişikliklər, yeni enerji və nəqliyyat xəritələrinin formalaşması, rəqəmsal və yaşıl iqtisadiyyata keçid çağırışları dövlətləri daha dayanıqlı iqtisadi modellər qurmağa sövq edir.

Heftelik.az tehlil.az-a istinadən xəbər verir ki, paytaxt Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu məsələlərin müzakirəsi, eləcə də sərmayə qoyuluşlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İlk dəfə təşkil olunan bu Forum innovativ ideyaların mübadiləsi və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün platforma rolunu oynayır. Tədbir ölkə iqtisadiyyatının nailiyyətlərinin, hədəflərinin və liberal biznes mühitinin beynəlxalq ictimaiyyətə təqdimatı məqsədinə xidmət edir.

Forum çərçivəsində qlobal iqtisadi risklər müzakirə olunur, müxtəlif ölkələr arasında birgə investisiya imkanları dəyərləndirilir, transmilli şirkətlər arasında əlaqələr formalaşdırılır və sərmayələrin təşviqi istiqamətində addımlar atılır. Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil: ölkəmiz Cənubi Qafqazın iqtisadi lokomotivi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı və qlobal layihələrin mərkəzi kimi seçilir.

Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində dediyi sözlər diqqət çəkir: “Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır.”

Ölkəmizin investisiya reytinqinin ildən-ilə yüksəlməsi, strateji valyuta ehtiyatlarının artması, rəqəmsal iqtisadiyyata keçid və yaşıl enerji layihələrinin reallaşdırılması Foruma qatılan xarici investorlar üçün böyük maraq doğurur. Cənubi Qafqazın inkişaf yolundan kənarda qalan Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli şirkətlərin diqqət mərkəzindədir.

Azad edilmiş ərazilərin iqtisadi potensialının beynəlxalq sərgilərdə və forumlarda təqdim edilməsi, buraya sərmayələrin təşviqi tədbirin əsas hədəflərindəndir. Qarabağ və Şərqi Zəngəzurda yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası və yeni hava limanlarının inşası yerli və xarici sərmayədarlara geniş imkanlar açır.

Son illərdə görülən işlər Azərbaycanın xarici investorlar üçün etibarlı tərəfdaş olduğunu sübut edir. Müstəqillik illərində ölkəyə 344,4 milyard dollar sərmayə cəlb olunub ki, bunun 213,2 milyard dolları qeyri-neft sektoruna yönəlib. Qeyri-neft sektorunun artım tempi 2021–2024-cü illərdə orta hesabla 6,7 faiz təşkil edib, ümumi daxili məhsulda payı isə 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə iki dəfə artıb.

Makroiqtisadi sabitliyin əsas dayaqları da möhkəmlənib. Dövlət büdcəsi gəlirləri 2017-ci ildən 2,4 dəfə artıb, strateji valyuta ehtiyatları 1,9 dəfə yüksəlib, xarici borcun ÜDM-ə nisbəti isə 6,5 faizə enib.

Ölkəmizin coğrafi mövqeyi də üstünlüklər yaradır. Orta Dəhliz üzrə yükdaşımaların artması, Zəngəzur dəhlizinin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası Azərbaycanı qlobal logistika mərkəzinə çevirir.

Enerji siyasətində yeni yanaşmalar ölkəmizi bərpa olunan enerji sahəsində də strateji tərəfdaşa çevirir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, günəş və külək enerjisi layihələrinin icrası bu istiqamətdə mühüm addımdır.

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi potensialını və imkanlarını dünyaya təqdim etməklə, yeni tərəfdaşlıqların yaranmasına və Azərbaycanın regional lider mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

MTM Analitik Qrupu

Избранный
9
heftelik.az

1Источники