RU

Qohum evlilikləri qadağan edildi, indi də bu yolla evlənirlər - Çıxış yolu nədir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yaxın qohumlar arasında rəsmi nikahın bağlanması qadağandır. 

Lakin son günlər sosial mediada yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. İddialara görə, bəzi valideynlər övladlarını yaxın qohumla evləndirmək məqsədilə, formal olaraq valideynlik hüquqlarından imtina edirlər.

Hüquqşünas Əkrəm Həsənov AZXEBER.COM-a açıqlamasında bildirib ki, valideynlikdən imtina etmək qadağan deyil, amma prosedur baxımından çox çətin işdir:

"Ona görə də kiminsə evlilik üçün belə addım atması inandırıcı gəlmir. Valideynlikdən imtina olunsa belə, bioloji olaraq ata və ana bazada görünür. Yəni bunu etməyin mənası yoxdur. Digər tərəfdən isə insanlar həqiqətən evlənmək istəyirlərsə, mütləq dövlət qeydiyyatına alınmalıdırlar? Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, söhbət rəsmi nikahdan gedir. İnsanların qeyri-rəsmi nikahına heç kəs qarışa bilməz. İnsanlar cinsi əlaqəyə girirlərsə, bu qanunla qadağan deyil. LGBT-lərə heç nə deyə bilməyənlər gəlib əmioğlu ilə əmiqızına deyəcək ki, niyə faktiki evlənməmisən? Həmin şəxslər gedib xarici ölkədə də evlənə bilərlər”.

Ekspert qeyd edib ki, qohum evliliyini bəyənmir:

"Mən bibiuşaqlarına, əmiuşaqlarına qardaş-bacı kimi baxıram. Amma hamı mənim kimi düşünmək məcburiyyətində deyil. Son illərdə onsuz da qohum evliliyi kifayət qədər azalmışdı. Bu qadağanı etməyə qanunvericiliyin mənəvi haqqı yox idi. Çünki donor vasitəsilə süni mayalanmaya icazə var. Azərbaycanın üzv olduğu Uşaq Hüquqları Konvensiyası var ki, qanuna görə əksər ölkələrdə uşağın valideynini tanımaq haqqı var. Səhəri gün süni mayalanma nəticəsində doğulan bacı və qardaş biri-birilə evlənə biləcək. Onlar eyni atadan olduqlarını belə bilməyəcəklər.”

Sosioloq Yusif Nəbiyev isə vurğulayıb ki, Azərbaycanda toy ənənəsi və partnyor seçimi həmişə ciddi qarşılanıb:

"Bu mövzuda müəyyən qadağalar və cəmiyyət qınaqları olub, insanlar da həmin məhdudiyyətləri yan keçmək üçün həmişə müxtəlif yollar düşünüblər. Tarixən azyaşlıların və ya qohumların evləndirilməsi halları baş verib. Daha faciəvi nümunələr isə qızların qaçırılması zamanı rzor gücünə evliliyə məcbur edilməsi olub. Belə hallarda sevgi, hörmət və razılıq olmadan, zorakılıq üzərində ailə qurulmağa cəhd göstərilib ki, bu da iyrənc və yanlış bir davranışdır”.

Ekspert deyib ki, kağız üzərində belə övladdan imtina etmək cəmiyyətdə əxlaqi deqradasiyanın göstəricisidir:

"Bəzi valideynlər övladlarını yalnız istədikləri şəxslə evləndirmək üçün qeyri-etik və hətta qanunsuz addımlara gedirlər. Bu, həm hüquqi, həm də mənəvi baxımdan təhlükəli nəticələr doğura bilər. Bu miras məsələlərində, məhkəmə işlərində problemlər yarada bilər. Üstəlik, övlad üçün də mənfi nümunədir. Əgər o, kifayət qədər savadlı və şüurlu deyilsə, gələcəkdə eyni davranışları təkrarlama ehtimalı artır”. 

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.

Избранный
13
1
yenilik.az

2Источники