RU

Bölgələrdəki iribuynuzlu heyvanlar arasında təhlükəli xəstəlik yayılır... Nazirlik tədbir görə bilmədi...

ain.az, Azxeber.com saytına istinadən bildirir.

Bəzi rayonlarda dabaq xəstəliyinin yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb. Virusun heyvanların kütləvi ölümünə, məhsuldarlığın azalmasına və ət-süd bazarında bahalaşmaya səbəb ola biləcəyi bildirilir. Mütəxəssislər qeyd edir ki, vaxtında profilaktik tədbirlər görülməsə, bu, həm kənd təsərrüfatına, həm də ölkənin ərzaq təhlükəsizliyinə ağır zərbə vura bilər.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli zamanında profilaktik tədbirlərin görülməli olduğunu, bu işlərin zamanında görülmədiyi üçün mövcud vəziyyətin ağırlaşdığını bildirib:

"Xəstəliyə qarşı peyvənd mövcuddur, dezinfeksiya işləri aparılmalıdır. Xüsusən heyvandarlıqla məşğul olan sahibkarlar maarifləndirilməli, heyvanların immuniteti möhkəmləndirilməlidir. Təəssüf ki, bu il yem çatışmazlığı və qiymətlərin bahalığı səbəbindən heyvanlar zəif düşüb”.

Ekspert bildirib ki, xəstəlik daha çox Aran bölgəsində müşahidə olunur:

"Vaxtında tədbirlər görülmədiyi üçün yoluxma davam edir. Nəticədə heyvanlar arıqlayır və ölüm halları baş verir”.

"Nazirlik məsələni nəzarətdə saxlamalıdır”

Ekspert qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu halları daim izləməli idi: "Regionlarda minlərlə əməkdaş var, amma onlar öz işlərini tam icra etmirlər. Nazirlik və Nazirlər Kabinetində problemin miqyasını anlayan mütəxəssislər çatışmır”.

Virus insana da keçə bilər

Məhərrəmli deyib ki, dabaq insana da yoluxa bilər: "Xəstə heyvanın əti və ya çiy südü vasitəsilə insana keçə bilir. İnsanlarda ölüm yaratmır, sadəcə qızdırma olur və müalicə ilə bir həftəyə sağalır. Amma heyvanlarda məhsuldarlıq ciddi azalır”.

O, xəstəliyin yayılmasının kənd təsərrüfatına böyük zərbə vurduğunu da əlavə edib: "Onsuz da Azərbaycanda ət qıtlığı var. Dabaq xəstəliyi vəziyyəti daha da ağırlaşdırır”.

Aqrar Xidmətlər Agentliyindən AZXEBER.COM-a bildirilib ki, hazırda iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi işi aparılır:

"Baytarlar təsərrüfatlarda dezinfeksiya işləri həyata keçirir, monitorinqlər keçirərək məlumat toplayırlar. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ qrup yaradılıb və bölgələrdə tədbirlər görülür”.

Şəhanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
azxeber.com

1Источники