RU

Xəstə uşağın fotosu ilə pul tələb etdi - "Ayağınızın altında ölüm, kömək edin..." - İşə polis qarışdı

Azərbaycanda azyaşlı xəstənin fotolarından istifadə olunaraq sosial şəbəkələrdə saxta hesabla pul yığılır.

Bu barədə uşağın anası Mirvari Turabova Far.Az-ə şikayətlə müraciət edib.

O, bildirib ki, naməlum şəxs onun qızı - anadangəlmə spina bifida xəstəliyindən əziyyət çəkən Mələk Turabovanın şəkillərini oğurlayaraq saxta instaqram səhifəsi açıb. Daha sonra həmin hesabda uşağın adı ilə izləyicilərdən maddi yardım toplanır.

"Qızımın müalicəsi üçün açdığımız səhifə var. Ancaq indi başqa birisi onun adından saxta hesab açaraq pul yığır" - deyə Mirvari Turabova bildirib.

Ana artıq məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin Buzovna Polis Bölməsinə şikayət edib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətindən Far.Az-ə açıqlamada bildirilib ki, vətəndaşın azyaşlı övladının naməlum şəxs və ya şəxslər tərəfindən "Instagram" sosial şəbəsində şəklinin paylaşılması və xəstəlik vəziyyətindən istifadə edilərək pul toplanması ilə bağlı Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciəti daxil olub. Müraciət əsasında həmin şəxsin müəyyən olunub saxlanılması üçün aidiyyəti qurumlara müvafiq sorğular göndərilib.

"Hazırda polis əməkdaşları tərəfindən zəruri təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı, tanımadıqları şəxslərə etibar edib kart hesablarına pul vəsaiti köçürməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Избранный
19
3
far.az

4Источники