RU

Parlamentari: Azərbaycan regional, beynəlxalq təhlükəsizliyi gücləndirmək niyyətindədir

Müasir dövrdə təhlükəsizlik məsələləri qlobal və regional gündəlikdə prioritet mövzulardan birinə çevrilib. Dünyada artan risklər və təhdidlər fonunda beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi daha da vacib hala gəlib. Azərbaycan bu sahədə öz fəallığı ilə seçilir və mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq təhlükəsizlik tədbirləri, xüsusilə Bakı Təhlükəsizlik Forumu, bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu forum təkcə Azərbaycanın artan nüfuzunu deyil, həm də onun təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olduğunu göstərir. Azərbaycanın regionda, eyni zamanda qlobal səviyyədə sabitlik və sülhə töhfə vermək niyyəti artıq real nəticələrə çevrilməkdədir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Sherg.az-a konfransın son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi naliyyətlərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisi olduğunu bildirib:

"Bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Bu, çox mühüm məsələdir, Azərbaycanın imicidir. Eyni zamanda müstəqil, daxili və xarici siyasətinin təzahürüdür. Məhz bu baxımdan çoxsaylı dünya ölkələrinin kəşfiyyət və əks-kəşfiyyət, xüsusi xidmət orqanlarının iştirak etdiyi Bakı təhlükəsizlik formunun davam etdirilməsi də çox mühüm əhəmiyyət kəsb edir. Bu konfrans son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi naliyyətlərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir.
Bakı həm regional dövlətləri, həm də qlobal güclər arasında etimadın qurulması üçün mühüm görüş yeri rolunu oynayır. Bu gün məlum məsələdir ki, dünyada nizam dəyişib, dini ekstremizm, trans-milli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanunlu miqrasiya, separatizm, silah qaçaqmalçılığı, çoxsaylı hüquqazid əməllər təhlükəsizlik sisteminin sarsıldılmasında ciddi narahatlıq doğurur. Təəssüf doğuran məsələ odur ki, beynəlxalq hüquq tam şəkildə pozulub və güc onları üstələyir".

Deputat keçirilən konfransın regional sabitlik, sərhəd təhlükəsizliyi, enerji, nəqliyyat dəhlizlərinin qorunması, terrorizmə, kiber təhlükəsizliyə qarşı mübarizə, aktual məsələlərin müzakirəsi şəraitini yaratdığını və gələcəkdə koordinasiyalı şəkildə təhdidlərin qarşısını almasında mühüm rol oynayacağını söyləyib:
"Azərbaycanın təşəbbüsü ilə ölkəmiz təkcə enerji və nəqliyyat mərkəzi deyil, həm də təhlükəsizlik məsələsinin koordinasiya olunduğu strateji arenaya çevrilib. Bu, təbii ki, istər dövlət təhlükəsizlik xidmətinin, xarici kəşfiyyat sisteminin, eyni zamanda hüquq muhafizə organlarının digərlərinin birgə zəhməti və təbii ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun keçirilən tədbirlərin təzahürü, bariz nümunəsidir.
Prezident də bununla əlaqədər öz təbriklərini çatdırdı. Azərbaycan təhlükəsizliyinin qlobal gündəliyində aktiv mövqədə olmasını, beynəlxalq əməkdaşlığa açıq olmasını göstərdi. Sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və xarici siyasət xəttiinin əsasını təşkil etdiyini göstərdi.
Prezident öz çıxışında Vaşinqton görüşünü misal gətirərək, regionda yeni realıqlar fonunda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsinin gələcəkdə sabitliyə və inkişafa gətirəcəyini bir daha qeyd etdi. Ən mühüm mesajlardan da biri odur ki, Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm də regional, beynəlxalq təhlükəsizliyi gücləndirmək niyyətindədir. Məhz bu konfransda da aparılan müzakirələr, eyni zamanda qəbul olunan qərarların da əsas istiqaməti bundan ibarətdir.
Cənubi Qafqazda əminamanlığın tam təmin olunması tək bizim region üçün deyil, mərkəzi Asiya, yaxın Şərq və Avropa üçün də yeni əməkdaşlıq imkanları yaradacaqdır". 

Millət vəkili konfransın gələcəkdə də davam etdiriləcəyini qeyd edib:
"Artıq bununla əlaqədər prezidentin də tapışırlıqlarına uyğun olaraq həmin konfransın katibliyi və digər icraçı orqanları yaradılıb. Çox yaxın zamanda biz bunların müsbət nəticələrini görəcəyik".
Избранный
7
1
sherg.az

2Источники