RU

QHT peşə təhsili alan tələbələrlə təlim keçirib

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.

"Cebheinfo.az" xəbər verir ki, “Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Tədbiri giriş sözləri ilə açan Turizm və Sosial Xidmətlər üzrə BDPTM-in tərbiyə işləri üzrə direktor müavini Cəfərli Zibaxanım “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin aktuallığını diqqətə çatdırıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Turizm və Sosial Xidmətlər üzrə BDPTM-də bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan tələbələrə təlimin keçirilməsi üçün göstərilən dəstəyə görə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.

O, qeyd edib ki, bir çox təhlükəli yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər bilgili olmaq vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində (məqsəd 3.3) vərəm, İİV/QİÇS və xroniki virus hepatitləri kimi xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

“Bugünkü təlimin keçirilməsində əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda adı qeyd olunan təhlükəli infeksion xəstəliklərin yayılması riskini artıran səbəblər barədə aidiyyəti peşə ixtisası üzrə təhsil alan tələbələri məlumatlandırmaq və sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməkdir”, - deyə Z.Nəbiyeva bildirib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma üsulları, müayinə və müalicə, eləcə də gözəllik salonlarında istifadə edilən manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası qaydaları barədə iştirakçılara ətraflı məlumatlar verib. Bu xəstəliklərdən qorunma yollarını təblığ edən animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin tarixçəsi, simptomları, epidemiologiyası, yoluxma və xəstələnmə arasındakı fərq, ağciyərdən kənar vərəm formaları, müalicənin fasilə vermədən düzgün aparılmasının önəmliyi barədə danışıb.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi təlim iştirakçılarına çatdırılıb. Qoruyucu vasitələrdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanılıb. Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə Turizm və Sosial Xidmətlər üzrə BDPTM-ə xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi, tələbələrə isə aidiyyəti mövzularla bağlı buklet və kitabçalar verilib.

"Cebheinfo.az"

Избранный
6
4
cebheinfo.az

7Источники