RU

Yazıçılar yaradıcılıq evinə necə müraciət edəcəklər? - RƏSMİ

BAKI, 22 sentyabr. TELEQRAF

"Yaradıcılıq evinə AYB üzvlərinə hansı qaydalarla göndəriş veriləcəyi ilə bağlı nəsə demək hələ tezdir, çünki bu sistem tam formalaşmayıb və yaradıcılıq evləri fəaliyyətə başlamayıb. İdarəetmə və işləmə mexanizmi müəyyənləşdirilməlidir".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza yaxın günlərdə açılış mərasimi baş tutan Səməd Vurğun adına Yaradıcılıq Evinin fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə şərtlər və qaydalar hazırlanıb başa çatandan sonra rəsmi şəkildə elan ediləcək: "Bu prosesin yaxın günlərdə yekunlaşacağı gözlənilir. Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evi 43 otaqdan ibarətdir. Bu o deməkdir ki, eyni vaxtda 43 nəfər yaradıcı şəxs burada fəaliyyət göstərə bilər. Lakin sistem hələ müəyyənləşmədiyindən qaydalar barədə əvvəlcədən məlumat vermək mümkün deyil.

Yaradıcılıq evinə müraciət yardıcı şəxsin öz təşəbbüsü ilə olmalıdır. Yəni yaradıcı şəxs özü müraciət edir və bundan sonra müraciətə baxılır. Yəqin gələcəkdə növbəlilik sistemi də tətbiq olunacaq, çünki eyni anda çoxsayda müraciət olacağı təqdirdə bu, növbəlilik zərurəti ortaya çıxacaq.

Bura yaradıcı şəxslər üçündür. Məqsəd onların rahat şəraitdə əsər yaratmasıdır. Məsələn, bir yazıçımız roman yazmaq istəyirsə, bir ay müddətinə burada qalaraq əsərini yaza bilər. Kimisi bir həftəlik, kimisi bir aylıq müraciət edə bilər. Bu, yaradıcılıq evidir və burada əsas məqsəd yazıb-yaratmaqdır",- deyə Xəyal Rza əlavə edib.

Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var.

Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq.

Senytabrın 10-da komleksin açılışı mərasimində Azərbaycan prezidenti iştirak edib.

Избранный
23
teleqraf.com

1Источники