Minlərlə insanın təxliyyə edildiyi tayfun Filippinə yaxınlaşır
Ajans.az xəbər verir ki,Filippin meteoroloji bürosunun məlumatına görə, Raqasa bazar ertəsi günü Batanes və Babuyan adaları üzərindən keçəcək və daha sonra qərbə, Çinə doğru hərəkət edəcək. Tayfunun 3 metrə qədər (10 fut) çatan təhlükəli fırtına dalğaları, leysan yağışlar və torpaq sürüşmələri ilə müşayiət olunacağı gözlənilir. Ölkə paytaxtı Manila da daxil olmaqla bir çox ərazidə məktəblər və dövlət idarələri bağlanıb. Vətəndaşlara genişmiqyaslı daşqınlar, torpaq sürüşmələri və infrastruktur zərərləri ilə bağlı xəbərdarlıq edilib. Raqasanın təsir zonasına düşəcək şimal adalarında, xüsusilə yoxsul icmaların yerləşdiyi Batanes və Babuyanda, təxminən 20 min insan yaşayır. Yerli orqanlar burada təxliyə tədbirlərini genişləndiriblər. Tayvanın da bəzi bölgələri ehtiyat tədbirləri görməkdədir. Adanın şərqində yerləşən Hualien əyalətində artıq 300 nəfər təxliyə edilib. Raqasanın Tayvana birbaşa təsir etməsi gözlənilməsə də, leysan yağışların sahilboyu əraziləri əhatə edəcəyi proqnozlaşdırılır. Cənub və şərqdəki meşə parkları, təbiət yolları və bəzi bərə xidmətləri müvəqqəti bağlanıb. Çində isə xüsusilə Quandun əyalətində səlahiyyətlilər əhaliyə “fəlakətli və genişmiqyaslı təbii hadisəyə” hazır olmalarını tövsiyə ediblər. Güclü küləklərin və leysanların çərşənbə axşamıdan etibarən hiss ediləcəyi bildirilir. Honq Konqda hava şəraitinin "sürətlə pisləşəcəyi" ilə bağlı xəbərdarlıq edilib. Təhsil bürosu məktəblərlə bağlı təcili planlar üzərində işlədiyini açıqlayıb. Şəhərin əsas hava yolu şirkəti Cathay Pacific sabah saat 18:00-dan etibarən 500-dən çox uçuşu ləğv edəcəyini bildirib. Hong Kong Hava Yolları isə bütün gediş reyslərini dayandıracağını açıqlayıb. Qeyd edək ki, Filippində yerli olaraq “Nando” adı ilə tanınan Raqasa ölkəyə, qeyri-adi güclü musson yağışlarının səbəb olduğu dağıdıcı daşqınlardan və on minlərlə insanın korrupsiya əleyhinə küçələrə çıxdığı etirazlardan yalnız bir neçə həftə sonra yaxınlaşır. Ekspertlər, fəlakətin ölkənin onsuz da zəif olan infrastrukturunu bir daha sınağa çəkəcəyini deyirlər.