RU

Misirin ən varlı adamı ABŞ-a 50 milyard dollar sərmayə yatıracaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Misirin ən varlı insanı Nasif Saviris biznesində genişmiqyaslı restrukturizasiya aparmağı və ABŞ-da infrastruktur layihələrinə 50 milyard dollaradək sərmayə yatırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına əsasən, yaxın vaxtlarda Nasif Savirisə məxsus kimyəvi maddələr və gübrə istehsal edən “OCI Global” şirkəti və “Orascom Construction” tikinti holdinqi birləşəcək və yeni yaradılacaq şirkət Əbu-Dabidə qeydiyyatdan keçəcək.

Şirkətin əsas diqqəti ABŞ-da, xüsusilə də data mərkəzləri sahəsində infrastruktur layihələrinə yönəldiləcək. Yeni korporasiyanın növbəti 10 il ərzində həm öz vəsaitləri, həm də tərəfdaşların kapitalı hesabına ABŞ infrastrukturuna investisiyalar yatıracağı gözlənilir.

Qeyd olunur ki, “Orascom” artıq 2012-ci ildə qurduğu “Veitz” törəmə şirkəti vasitəsilə ABŞ-da bir neçə data mərkəzi, hava limanı terminalları və universitet yataqxanaları inşa edib.

Xatırladaq ki, “Forbes” jurnalının hesablamalarına əsasən, Nasif Savirisin sərvəti təxminən 9 milyard dollar təşkil edir. O, 1950-ci illərdə “Orascom” tikinti şirkətinin təməlini qoymuş Onsi Savirisin kiçik oğludur. Bu şirkət sonradan beynəlxalq konqlomerata çevrilib.

Избранный
6
2
azertag.az

3Источники