Filippində "Trilyon Peso Yürüşü" adlandırılan etiraz aksiyası ölkənin daşqınlara qarşı mübarizə fondundan mənimsənilməsinin üzə çıxmasından sonra ictimai fəallar tərəfindən başlanıb.
Bakıvaxtı.az "The Manila Times"a istinadən xəbər verir ki. bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Filippin polisi etiraz aksiyaları və iğtişaşlar zamanı azyaşlılar da daxil olmaqla, 216 nəfəri saxlayıb. Baş verən iğtişaşlar zamanı polis etirazçıları avtomobilləri yandırmaq, daş və molotov kokteyli atmaq, moteldən əşyalar oğurlamaq ittihamı ilə həbs edib.
Nazirlik rəhbəri Xuanito Remullanın sözlərinə görə, polis əməkdaşlarına molotov kokteyli atan şəxslər adam öldürməyə cəhddə ittiham oluna bilər. Remulla etirazçıları "anarxist" adlandırıb.
Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, etirazlarda təxminən 49 min nəfər iştirak edib. Ən azı 40 polis əməkdaşı yaralanıb.
Gülşən Şərif