RU

Samir Abasov: “Bu qələbəni bizim rəhbərliyə həsr edirəm”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 5-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Sumqayıtda keçirilmiş oyun “Neftçi”nin 2:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Bundan əvvəlki iki matçda göstərdiyimiz yaxşı oyunun daha da üstünə qoyaraq meydanda qələbə qazanmaq istəyən komanda görürük. Bu da səbəbsiz deyil. Yaxşı bilirsiniz ki, “Neftçi” böyük komandadır. Rəqibindən asılı olmayaraq, heç-heçə belə, “ağ-qaralar” üçün uğursuz nəticə sayılır. Hətta yenidən qurulmuş komanda olsaq belə. Bu reallıqdır ki, yenidən qurulmuş komandanın oyunu birdən-birə alınmır. Bununla belə, son matçlarda göstədiyimiz gözəl oyun səbəbsiz deyil. Hər xal itkisindən sonra təzyiqlər olur ki, bunu futbolçular da görür. Amma onları bu vəziyyətdən çıxarmaq, hər növbəti oyunda qələbəyə kökləmək təkcə mənim bacarığım deyil, bunun arxasında ilk gündən bizim rəhbərlik durur.

Uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyi ilk gündən mənim arxamdadır. İndiyədək belə bir şey görməmişəm. Ona görə də bu haqda ətragflı danışmaq istəyirəm. Klub rəhbərliyi bizim arxamızda çox durub və qələbə qazanmağımız üçün hər nə lazımdırsa, artıqlaması ilə edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağımıza təkan verən məhz bizim rəhbərlikdir. Öz adımdan, komandamızın üzvləri adından bu qələbəni bizim rəhbərliyə həsr edirəm. İnanırıq ki, bu qələbə yeni zəfərlərə bir təkan olar”.

Samir Abasov bu oyunda qol vurmuş Ağadadaş Salyanskinin növbəti matçlarda da şans alacağını vurğulayıb:

“Futbolçularımızın hamısı şans alacaqlar. Uzun müddət oynamayanlar da oynayacaq. Mövsüm uzundur. Hər bir futbolçuya ehtiyacımız olacaq”.

“Xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar” – Samir Abasov

Samir Abasov yeni mövsümdə qazanılmış ilk qələbənin önəmini də vurğulayıb:

“Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, son ötürmələr alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu… Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq”.

Samir Abasov mübahisəli penalti epizoduna da toxunub və hakimlərin qərarından narazılıq edib:

“Bunu qəsdən etdi deyə bilmərəm. Amma bir komandaya qarşı bu qədər mübahisəli epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da əlimizdən alırsa, əlbəttə, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar”.

“Neftçi”dən daha yaxşı oynadıq” – Saşa İliç

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur, belə hallar olur.

Vaxtilə “Neftçi”yə qarşı futbolçu kimi oynamışam. Amma məşqçi kimi mübarizə aparmaq fərqlidir. “Neftçi” Azərbaycanın ən böyük klublarından biridir. Bu gün bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Amma bütövlükdə “Neftçi”dən daha yaxşı oynadıq. Üç real qol epizodumuz oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi”.

error: Məzmun qorunur!
Избранный
23
1
arena.az

10Источники