RU

Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb  

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün hökumətin Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu addım BMT Baş Assambleyasının 80-ci sessiyasının başlanmasına iki gün qalmış atılıb.

K. Starmer hələ iyul ayında BMT Baş Assambleyası ərəfəsində İsrailin atəşkəsə razılıq, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli sülh prosesinə sadiqlik kimi müəyyən şərtləri yerinə yetirmədiyi halda Fələstin dövlətini tanıyacağını bildirmişdi.

Sosial şəbəkələrdə yayımlanan videomüraciətdə Baş nazir Kir Starmer bildirib ki, Yaxın Şərqdə dəhşətin getdikcə artdığı bir vaxtda Britaniya sülh və “iki dövlətli həll” yolunun mümkünlüyünü yaşatmaq üçün addım atır. “Bu, təhlükəsiz və güvənli İsrailin, eyni zamanda, yaşama qabiliyyətinə malik bir Fələstin dövlətinin mövcud olması deməkdir. Hazırda isə bunun heç biri yoxdur”, - deyə o əlavə edib.

Baş nazir vurğulayıb ki, Fələstin dövlətinin tanınması üçün an artıq yetişib: “Odur ki, bu gün sülhün və “iki dövlətli həll” yolunun ümidini diriltmək üçün bu böyük ölkənin Baş naziri olaraq açıq şəkildə bəyan edirəm ki, Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyır”.

Böyük Britaniya hökumətinin bu addımı atmasına səbəb kimi İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısını alması, aclığın yayılması, İsrail ordusunun intensiv bombardmanları nəticəsində çoxsaylı mülki şəxsin həlak olması və şəhərin infrastrukturunun dağıdılması göstərilib. Bundan başqa, Qəzza şəhərinə genişmiqyaslı hücum və yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsi də Londonda narahatlıq doğurub.

Bu qərar İsrailin güclü etirazına və ABŞ-ın təzyiqlərinə baxmayaraq qəbul olunub. ABŞ daha əvvəl bu qərarı HƏMAS-ı mükafatlandırmaq kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu isə qərarı “cihadçı terrorçulara güzəşt” adlandıraraq pisləyib.

Избранный
39
5
azerbaijan-news.az

6Источники