“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında 5:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət oldu. Hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. İstənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram.
Ramil Şeydayevi qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi.
Bu oyunda rotasiyalar etdik. Sadəcə olaraq, öz planımız üzrə gedirdik. Bəzi meydançalara baxanda, bu gün oynadığımız daha yaxşı idi, futbolçular daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru görünürdü, su yox idi, vurulmamışdı. Bəlkə də əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissədə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə, insanın başına daha çox belə hadisələr gəlir. Oyunun gedişatına görə addımlar atdıq”.