RU

Adnan Əhmədzadənin həbsinin səbəbləri: onun arxasında kimlər dayanır - ARAŞDIRMA

SOCAR-ın İnvestisiya Departamentinin sabiq direktor müavini Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi ölkə ictimaiyyətində böyük rezonans doğurub. 

Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın ilkin mərhələsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

İlkin məlumata görə, Adnan Əhmədzadəyə iki əsas ittiham irəli sürülüb: xüsusilə külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı təxribat.

Modern.az bildirir ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə, xüsusilə külli miqdarda mənimsəmə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. İqtisadi təhlükəsizliyə qarşı təxribat ittihamı isə cəzanı daha da ağırlaşdırmaq potensialına malikdir.

Ekspertlər qeyd edirlər ki, əgər ittihamlar tam sübut olunarsa, Adnan Əhmədzadə uzun illər həbsdə qala bilər.

Hazırda Adnan Əhmədzadənin sorğu-sualı davam edir və istintaq orqanları onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və ölkələr, eləcə də hadisələrin başvermə mexanizmi barədə ifadələrini diqqətlə araşdırır.

“Azeri Light” qalmaqalı

Hadisənin kökündə Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı xam neftin başqa neftlə qarışdırılması versiyası dayanır. Bu brend ölkənin enerji sektorunda əsas gəlir mənbəyidir və keyfiyyətə xələl gəlməsi həm büdcəyə, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərə zərbə vura bilər. Bu səbəbdən istintaq “iqtisadi təhlükəsizlik” çərçivəsində aparılır.

Xatırladaq ki, iyul ayında Azərbaycanın ixrac etdiyi bir neçə partiya xam neftdə zərərli xlorid aşkar olunmuş, nəticədə BTC kəməri ilə Qazaxıstan neftinin nəqli müvəqqəti dayandırılmışdı. Sonradan nəql bərpa olunsa da, hadisə böyük rezonans doğurdub. Rumıniya mətbuatında yayılan məlumatlara görə, xloridin məqsədyönlü şəkildə əlavə olunduğu və bunun arxasında Rusiya izinin ola biləcəyi iddia edilib.

Adnan Əhmədzadə necə sərvət əldə edib?

Adnan Əhmədzadənin adı uzun illər SOCAR-ın iri layihələri və beynəlxalq ticarət əməliyyatları ilə yanaşı çəkilib. O, “SOCAR-Trading”də və daha sonra İnvestisiya Departamentində yüksək postlarda çalışaraq ölkənin əsas enerji müqavilələrinin icrasında iştirak edib. Bu illər ərzində Əhmədzadə təkcə dövlət strukturlarında deyil, özəl sektorda da təsir dairəsini genişləndirib.

2023-cü ildən etibarən onun biznes fəaliyyəti daha da açıq görünməyə başlayıb. Əhmədzadə “ABDA Invest Holding”in təsisçisi və rəhbəri kimi təqdim olunur. Holdinqin fəaliyyəti tikinti, logistika, kənd təsərrüfatı və supermarket şəbəkələri kimi bir-birindən fərqli sahələri əhatə edir. Yerli bazarda “Rahat Market”, “Bolmart” kimi zəncirlərin arxasında dayanan əsas oyunçulardan biri məhz onun adı ilə hallanır. Mətbuatda yayılan iddialara görə, Adnan Əhmədzadə qardaşı Xəyal Əhmədzadə ilə birgə geniş biznes şəbəkəsi qurub

Bundan əlavə, Əhmədzadənin müxtəlif ölkələrdə daşınmaz əmlak yatırımları, lüks villaları və ofis binaları barədə iddialar mövcuddur. Bütün bunlar ona böyük maliyyə imkanları qazandırıb.

Əhmədzadənin sərvətini cəlbedici edən yalnız biznes layihələri deyil. O, sosial mediada bahalı avtomobilləri, şəxsi təyyarəsi və məşhur idmançılarla dostluq münasibətləri ilə diqqət çəkib. Lionel Messi, Ronaldinyo və Vinisius Junior kimi futbol ulduzları ilə çəkilmiş fotolar, həmçinin “Barselona” prezidenti Joan Laporta ilə görüşləri onun özünü beynəlxalq dairələrdə tanıtmaq cəhdlərinin göstəricisi hesab edilir.

Müşahidəçilər deyir ki, indi bu sərvət də məhkəmə istintaqının predmetinə çevrilə bilər.

Ekspertlər hesab edirlər ki, Adnan Əhmədzadənin həbsi adi cinayət işi kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycanın enerji sektorunda şəffaflıq və etibarlılıq mühitinin qorunması üçün atılan ciddi addımdır.

İstintaqın nəticələri SOCAR-ın gələcək kadr və struktur dəyişikliklərinə təsir göstərə, eyni zamanda Azərbaycanın beynəlxalq enerji tərəfdaşları qarşısında etibarlılığını möhkəmləndirə bilər.

Nəticə etibarilə, istintaq davam edir və yeni detalların üzə çıxacağı gözlənilir.

Избранный
45
35
modern.az

10Источники