Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turu başa çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Karlos Sayns ən yaxşı nəticəni göstərib.
Məlumat üçün bildirək ki, ikinci sessiyada "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib. "McLaren"in üzvü britaniyalı Lando Norris ikinci, "McLaren"dən avstraliyalı Oskar Piastri üçüncü olub.
Fernando Alonso ("Aston Martin"), Lyuis Hemilton ("Ferrari"), Qabriel Bortoleto ("Kick Sauber"), Lens Stroll ("Aston Martin") və Oliver Berman ("Haas") ikinci sessiyada müvafiq olaraq 11, 12, 13, 14 və 15-ci yerləri tutublar.
İlk sessiyada isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull Racing"in üzvü niderlandlı Maks Ferstappen ikinci, "Ferrari"dən monakolu Şarl Lekler üçüncü olub.
Franko Kolapinto ("Alpine"), Niko Hyolkenberq ("Kick Sauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpine") və Aleksander Albon ("Williams") ilk sessiyada müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.
Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.