RU

Fabio Luis Ramimin: “Qarabağ”ın Liqa mərhələsində ən azı 12 xal yığacağına əminəm”

"Düşünürəm ki, bu qədər xarici məşqçidən sonra Azərbaycan futbolunu yaxşı bilən yerli mütəxəssisə şans verməyin vaxtı çatıb".

İdman.biz xəbər veirir ki, bunu Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Fabio Luis Ramimin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Millimiz son 2 oyunda İslandiyaya 0:5 hesabı ilə uduzdu, Ukrayna ilə 1:1 hesablı heç-heçə etdi. Yığmamızın bu matçlardakı nəticələrini necə dəyərləndirirsiniz?

– Açığı, oyunları canlı izləyə bilmədim, amma matçların icmalına baxmışam. Azərbaycan millisinin İslandiyaya qarşı görüşdə çıxışı yaxşı olmayıb. Düşünürəm ki, bu dövrdə Fernandu Santuş ilə hər şey çox çətin oldu, futbolçular onun ideyalarını tam başa düşmədilər və bu da vəziyyəti daha da çətinləşdirdi. Ukrayna ilə oyunöncəsi baş məşqçinin dəyişməsi yeni ruh gətirdi. Yeni baş məşqçi komandaya motivasiya verməyi bacardı və nəticə də daha yaxşı oldu. Ukrayna millisi səviyyəli komandadır, onlarla heç-heçə yaxşı nəticədir.

– Siz Azərbaycan yığmasında oynadığınız dönəmdə İslandiya ilə 1:1 hesablı heç-heçə etmişdiniz və qolu da cərimə zərbəsindən məhz siz vurmuşdunuz. Həmin vaxtla müqayisədə İslandiya yığması bizi 5:0 hesabı ilə məğlub edəcək qədər güclənib? Yoxsa Azərbaycan yığması daha da zəifləyib?

– Düşünürəm ki, hər ikisi baş verib: İslandiya yığması son illərdə inkişaf edib, Azərbaycan millisi isə xeyli geriləyib.

– Fernandu Santuşun Azərbaycan yığmasındakı fəaliyyətinin bu qədər uğursuz alınacağını gözləyirdiniz?

– Hər dəfə Azərbaycan millisinə yeni mütəxəssis gələndə onun qələbələr qazanacağına ümid edirəm. Təəssüf ki, cənab Santuşun ideyaları komandaya uyğun gəlmədi və nəticələr gözləniləndən çox aşağı oldu.

– Ukrayna ilə oyuna yığmamızı Ayxan Abbasov çıxartdı və nəticə uğurlu oldu. Razısınız ki, Azərbaycan millisinə yerli məşqçi rəhbərlik etməlidir? Bu vəzifəyə ən yaxşı namizəd kimi hesab edirsiniz?

– Düşünürəm ki, bu qədər xarici məşqçidən sonra Azərbaycan futbolunu yaxşı bilən yerli mütəxəssisə şans verməyin vaxtı çatıb. Tərlan Əhmədovun adını qeyd edərdim. Elə Ayxan Abbasov özü də namizədlərim sırasındadır, onun rəhbərliyi altında Azərbaycan yığması Ukraynaya qarşı çox yaxşı çıxış etdi. Digər namizədim Elmar Baxşıyev isə “Araz-Naxçıvan”da böyük işlər görür.

– “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başlaması xəbərini necə qarşıladınız? “Benfika” ilə görüşdə təmsilçimizdən qalibiyyət gözləyirdiniz?

– Bu qələbə mənim üçün xoş və sevindirici bir sürpriz oldu. “Qarabağ” möhtəşəm oyun sərgilədi və böyük qalibiyyətə imza atdı.

– Sizcə, “Qarabağ” ÇL-in Liqa mərhələsində neçə xal toplaya biləcək?

– “Benfika”ya qarşı bu möhtəşəm oyundan sonra insanın gözləntisi artır. Adamda bu fikir yaranır ki, çoxlu xal toplaya bilərlər. “Qarabağ”ın Liqa mərhələsində ən azı 12 xal yığacağına əminəm.

İdman.biz

Избранный
25
1
idman.biz

2Источники