RU

Ulu Öndərin hüquqi dövlətin qurulmasında əvəzsiz rolu - Arzu Nağıyev

Yazını böyüt
Yazını kiçilt

“Konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu eyni zamanda qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində bütün sahələrdə əldə edilən nailiyyətlərin hüquqi baxımdan maarifləndirmənin genişləndirilməsi və dövlətçilik ənənələrinin təbliği istiqamətində prioritet məsələlərdəndir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” Ulu Öndər Heydər Əliyevin hüquqi dövlətin qurulmasında əvəzsiz rolunu bir daha gündəmə gətirir:

“1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyamız Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş çox mühüm sənəddir. Azərbaycan Konstitusiyası elə bir sənəddir ki, burada hüquqi çərçivədən başqa, həm də dövlətimizin siyasi fəlsəfəsi ifadə olunur. Sənədin qəbul edilməsindən 30 il keçib, bu illər ərzində dünya düzəni də dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb. Buna baxmayaraq Konstitusiyamız öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir və təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır".

A.Nağıyev eyni zamanda Ulu öndəri Azərbaycanın təhlükəsizlik sisteminin memarı adlandırıb:

“Onun bu sahəyə verdiyi töhfələr təkcə bir dövlət başçısı kimi deyil, eyni zamanda peşəkar təhlükəsizlik işçisi, strateq və uzaqgörən siyasətçi kimi fəaliyyətinin nəticəsidir. Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqaməti hesab olunur. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını təşkil edir”.

Deputat “Konstitusiya və Suverenlik İli” çərçivəsində təhlükəsizlik sahəsində əsas hədəflərə və gözləntilərin nədən ibarət olmasına diqqət çəkib:

“Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin əsasında suverenlik, ərazi bütölüyü, onun qorunması və hər bir azərbaycan vətəndaşının rifahı durur. Bundan çıxış edərək əsas məqsədlərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi və informasiya suverenliyinin təmin olunmasıdır. Təbii ki, vətəndaşların hüquqlarının qorunması, milli təhlükəsizliklə bağlı informasiya resurslarının müdafiəsi və texnoloji infrastrukturun hüquqi cəhətdən təmin olunması mühüm hədəflərdəndir. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlik fəaliyyətimizi davam etdirəcəyik”.

A.Nağıyev qeyd edib ki, müstəqil Azərbaycan tarixinin ən çətin və ziddiyyətli dövrü olan 1990-cı illərin əvvəllərində ölkə dərin daxili və xarici təhdidlərlə üz-üzə idi. Həmin dövrdə dövlətimizin təhlükəsizlik sistemində xaos və peşəkarlıq çatışmazlığı hökm sürürdü. Məhz belə bir vaxtda - 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlətin və millətin taleyini öz üzərinə götürdü:

“Ölkəni xaos, vətəndaş müharibəsi, düşmən təhdidi gözləyirdi. Belə bir dönəmdə Heydər Əliyevin nəzarəti altında ordu , milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının fəaliyyət istiqaməti ümumilikdə Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmişdir. orqanların texniki təchizatının təmin edilməsi, öncədən formalaşmış peşəkar kadrların qorunması və ən əsası yeni nəsil kadrların yetişdirilməsi Ulu Öndərin diqqət mərkəzində idi. Ümummilli liderin həyata keçirdiyi kadr hazırlığı, orqanların hüquqi bazasının yaradılması və bu kimi digər xidmətləri təqdirəlayiqdir. Buna görə də, Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Ali Baş komandan kimi Ulu öndər Heydər Əliyevin əsas prioritetləri aşağıdakı kimi olmuşdur: Dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunması; Peşəkar ordu və təhlükəsizlik qurumlarının, hüquq mühafizə orqanlarının formalaşdırılması; Beynəlxalq əməkdaşlıq və informasiya təhlükəsizliyi; İctimai sabitlik və hüquq qaydasının qorunması.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsas sütunu olan sabitlik təmin olundu və gərgin olan təhlükəsizlik mühitində dövlətin davamlı inkişafını və xalqın rifahını təmin edən əsas amilə çevrildi”.

Deputat qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi təhlükəsizlik konsepsiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın tələblərinə uyğun olaraq inkişaf etdirilir və Ulu öndərin ordu quruculuğu sahəsində milli təhlükəsizlik sistemində qoyduğu ənənələri layiqincə davam etdirir. Azərbaycan xalqı qalib xalq kimi öz sözünü deyir:

“2020-ci ildə Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dövlətçiliyinə qarşı təxribat və düşmənçilik özünü daha aydın büruzə verdi. Bu gün dövlətçiliyimizə qarşı istənilən təhdidlərin qarşısının alınmasında strateji xətt üzrə İlham Əliyevin rəhbərliyi ilə ordu, xüsusi xidmət və hüquq-mühafizə orqanları, diplomatik korpus və digər qurumlar tərəfindən lazımi tədbirlər görülür və bu siyasət müasir dünya düzəninə uyğyn olaraq həyata keçirilir… Beləliklə, Heydər Əliyevin təhlükəsizlik siyasəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Bu siyasət bu gün də Azərbaycanın gələcəyinə xidmət edir və Ali Baş komandan İlham Əliyevin rəhbəliyi ilə hər bir fəaliyyətdə örnək olmalıdır”.

Избранный
26
1
hafta.az

4Источники