RU

Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan əməkdaşlığa başlayır

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvü Elvin Əliyev və Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.

TİF-dən AzEdu.az-a verilən məlumata görə, görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Rəşad Cabirli MÜSİAD Azərbaycan tərəfindən universitetlərlə sıx əməkdaşlıq aparıldığını və bu çərçivədə mütəmadi olaraq müxtəlif layihələrin icra edildiyini bildirib. O, yaxın aylarda MÜSİAD Azərbaycan tərəfindən gələcəkdə tələb olunacaq peşə və bacarıqlara diqqət çəkmək məqsədilə “Peşələrin gələcəyi, Gələcəyin peşələri” adlı konfransın təşkil olunacağını da vurğulayıb.

Tərəflər universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və gənclərdə sahibkarlıq ruhunun təşviqi istiqamətində tərəfdaşlıq barədə razılığa gəliblər. Bu istiqamətdə,yaxın zamanda Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında Tərəfdaşlıq Memorandumu imzalanacağı qeyd olunub.

Избранный
19
2
azedu.az

3Источники