Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və suveren Azərbaycan” adlı lektoriya keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
Bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Dövlət Suverenliyi Gününün dövlətimizin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olduğunu deyib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyəti haqqında məlumat verib. Qeyd edib ki, müstəqil Azərbaycanın möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hüseyn Hüseynov xalqımızın böyük qürur hissi ilə bu ili müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd etdiyini vurğulayıb.
AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov XX əsrin 90-cı illərində baş verən siyasi hadisələr fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışının xalqı və dövləti parçalanmaq təhlükəsindən xilas edərək, dövlətçilik ənənələrininin möhkəmləndirdiyindən söz açıb. O bildirib ki, məhz 1994-cü ilin bu günü "Əsrin müqaviləsi"nin imzalanması ilə respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi yazılıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Tam suverenlik daxili və xarici suverenliyin vəhdəti kimi” adlı məruzə ilə çıxış edib. Alim müstəqil dövlət quruculuğunun əsas əlamətlərindən biri olan suverenliyin tarixi əhəmiyyətini vurğulayıb, daxili və xarici suverenlik anlayışını xarakterizə edib. Məruzəçi XX əsrin sonlarında Azərbaycanda gedən siyasi proseslər prizmasından yanaşaraq diqqətə çatdırıb ki, ölkəmizdə daxili suverenliyin təmin olunmasında xarici suverenlik ciddi rol oynayıb. Ulu Öndər Heydər Əliyevin 1994-1995-ci illərdə demokratik, hüquqi, sosial dövlət quraraq Azərbaycanın dövlət prinsiplərini bütün dünyaya bəyan etdiyini vurğulayıb. Dövlət müstəqilliyinin yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmadığını, həm də milli kimliyin qorunması, ideoloji müstəqillik və beynəlxalq arenada bərabərhüquqlu tərəfdaşlıqla ölçüldüyü qeyd edilib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi strategiya Azərbaycanı məhz bu mənada tam suveren dövlətə çevirib. O, Ulu Öndərin dövlətçilik fəlsəfəsindən, regional, eləcə də qlobal siyasətindən danışaraq bu addımların müasir Azərbaycanın möhkəm bünövrəsinin formalaşdırdığını, ölkəmizin milli ideyası-ərazi bütövlüyünün bərpa olunmasının təməlinin qoyduğunu bildirib.
MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova Azərbaycan xalqının tarixi arzularının gerçəkləşməsində Ulu Öndər Heydər Əliyevin ideyalarının ən möhkəm dayaq olmasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ideyaların uğurla həyata keçirilməsindən danışıb.
Lektoriyanın sonunda qonaqlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasi kursunu əks etdirən kitab sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif illərdə nəşr edilmiş kitablar, sənədlər və foto materiallar iştirakçılara təqdim olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.