RU

Elə olmalıdır ki, parlamentin adı gələndə, nazir kabinetdə ayağa qalxsın

Məmur tayfası nə deputat sayacaq, nə vətəndaş

"Bilirik ki, heç də bütün deputatlar Səyyad Aran kimi fikrini açıq bildirmir". Bu barədə "Sherg.az"a Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib. Siyasi şərhçi bildirib ki, bir çox hallarda isə görünür, parlamentarilərin nazirlər qarşısında zəif durumda olmasını aşkar etmək istəmirlər: "Səyyad Aranın qaldırdığı məsələ idarəetmə sistemindəki qüsurları, dövlətçilik şüurunun zəifliyini sübut edir. Bu zaman əsas sual meydana çıxır. Əcəba, deputatın sorğusuna, müraciətinə məhəl qoymayan nazir, hökumət üzvü sıravi vətəndaşı ümumiyyətlə insan yerinə qoyarmı?! Əlbəttə ki, yox. Təəssüf ki, bir tərəfdən ASAN Xidmət tipli gördüyümüz müsbət işlərlə yanaşı, hələ də böyük ölçüdə davam edən məmur dissiplinsizliyi fakt olaraq qarşımızdadır. Böyük çaplı məmurların əksəriyyəti hələ də özünü "burada mənəm, Bağdadda kor xəlifə" misalındakı kimi aparırlar. Bunun həlli yollarından biri, bəlkə də birincisi, Milli Məclisin nüfuzunu qaldırmaqdır. Milli Məclisə seçkilər elə keçirilməlidir ki, ora elə adamlar seçilməlidir ki, parlamentin adı gələndə nazir kabinetdə ayağa dursun".

Qeyd edək ki, Milli Məclisin son iclasında deputat Sayyad Aran nazirlərin müraciətlərə biganə yanaşmasından narazılıq bildirib. Deputat həmkarı Naqif Həmzəyev də ona dəstək verib. Millət vəkillərinin sözlərinə görə, dövlət qurumları məktublara cavabı gecikdirir, telefon zənglərinə isə ümumiyyətlə cavab vermirlər. Deputatlar hesab edirlər ki, bu laqeydlik vətəndaşların problemlərinin həllinə mane olur.
Избранный
40
1
sherg.az

2Источники