RU

Ali təhsil almaq istəyənlərə PİS xəbər: Şərtlər çətinləşir... - açıqlama

Xaricdə təhsil üzrə dövlət proqramına qəbul prosesində dəyişikliklər gözlənilir. Elm və Təhsil Nazirliyi bildirib ki, proqram üçün qəbul meyarlarını daha da çətinləşdirmək düşünülür. Bu isə abituriyentlər və valideynlər arasında suallar doğurur: yeni tələblər nələr olacaq və gənclərin xaricdə təhsil imkanlarına təsiri necə hiss olunacaq?

Hurriyyet.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev "Yeni Sabah"a danışıb və bunun abituriyentlərin xeyrinə olacağını açıqlayıb:

"Elm və Təhsil Nazirinin çıxışında, xüsusilə də dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinə müraciət edən gənclərimizin müraciəti ilə bağlı bəzi dəyişikliklərin olunması təbii ki, qeyd olundu. Cənab Nazirin fikrincə, prosesin çətinləşdirilməsində əsas məqsəd müraciətlərin sayının çox olması və bəzi şagirdlərin, yaxud valideynlərin müxtəlif müsabiqələrdən gətirdiyi sertifikatlar və medalların çoxluğudur. Çünki Elm və Təhsil Nazirliyi yalnız dövlət tərəfindən qəbul olunan beynəlxalq yarışmaları, beynəlxalq olimpiadaları və beynəlxalq müsabiqələri qəbul edir. Digər müsabiqələr qəbul edilmir. 

Hal-hazırda isə bəzi özəl təşkilatlar müəyyən məbləğ qarşılığında müsabiqələr təşkil edir, gənclər də həmin müsabiqələrdə iştirak edib müəyyən yerlər tutur, sertifikat və medal alır və həmin sənədlərlə dövlət proqramlarına müraciət edirlər. Bu halda artıq Elm və Təhsil Nazirliyinin nəzarətində olan xüsusi komanda formasında beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin qarşısı alınmış olur. Halbuki, beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin dövlət proqramına qəbul olunması Elm və Təhsil Nazirliyinin əsas prioritetidir. Nazirlik düşünür ki, Azərbaycanın adını ucaldan, bayrağını beynəlxalq təşkilatlarda yüksəldən gənclərin məhz Elm və Təhsil Nazirliyinin razılığı və icazəsi ilə həmin olimpiadalara qatılması daha məqsədəuyğundur və onların dövlət proqramına qoşulmasına üstünlük verilir.

Amma hazırda müxtəlif dövlətlər və özəl təşkilatlar tərəfindən keçirilən beynəlxalq müsabiqələr var. Bu müsabiqələrdə medal qazananlar da "beynəlxalq olimpiadada iştirak etmişik" kimi təqdim olunaraq dövlət proqramlarına və ya hökumətlərarası təqaüd proqramlarına müraciət edirlər. Bu isə müraciətlərin sayının artmasına və nəticədə digər şagirdlərin qəbul imkanlarının məhdudlaşmasına səbəb olur.

Məsələn, Respublika Fənn Olimpiadasında birinci yer tutmuş gənc əlbəttə ki, özəl təşkilatların keçirdiyi beynəlxalq müsabiqələrdə iştirak edənlərdən üstün qiymətləndirilməlidir. Çünki bəzi dövlətlər belə müsabiqələri tanımırlar. Bu səbəbdən də müəyyən bir standartın tətbiqi gözlənilir".

Müsahibimiz bildirib ki, bundan başqa, ölkə daxilində Elm və Təhsil Nazirliyinin keçirdiyi xüsusi müsabiqələrdə iştirak edənlərin də üstünlüyə malik olması ehtimal edilir:

"Eləcə də SAT, TOEFL, IELTS kimi beynəlxalq imtahan nəticələri də nəzərə alınacaq. Yəni müəyyən kriteriyalar hazırlanacaq və həmin kriteriyalara əsasən qiymətləndirmə aparılacaq.

Hazırda beynəlxalq olimpiadalar, müsabiqələr və imtahanlar bir qədər qarışıq vəziyyətdədir. Müraciət sayı çoxdur və seçim prosesi çətinləşib. Bu səbəbdən də dövlət proqramına və hökumətlərarası təqaüd proqramlarına müraciət edən gənclərin nəticələri konkret kriteriyalar əsasında qiymətləndirilməlidir.

Nazirliyin məqsədi prosesin çətinləşdirilməsi ilə daha keyfiyyətli nəticə əldə etməkdir. Çünki beynəlxalq olimpiadalarda yer tutmaq çətindir və hər gənc buna nail ola bilmir. Bu səbəbdən atılan addımlar da nəzərə alınacaq. Çox vaxt gənclər "mən Respublika Fənn Olimpiadasının qalibi olmamışam, amma beynəlxalq müsabiqədən medal gətirmişəm, niyə qəbul edilmədim?" deyə narazılıq edirlər. Digərləri isə zəif nəticə ilə qəbul olunurlar. Ona görə də müəyyən standartların tətbiqi vacib sayılır. Nazirlik düşünür ki, yeni kriteriyalar əsasında qiymətləndirmə aparılacaq və buna uyğun olaraq dövlət proqramı və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xarici ali təhsil müəssisələrinə qəbul prosesi həyata keçiriləcək. Əlavə olaraq, konkret kriteriyaların nələr olacağı isə Nazirliyin xüsusi komissiyası tərəfindən açıqlanacaq".

Избранный
11
6
hurriyyet.az

7Источники