RU

Makron istefa verə bilər: Fransada siyasi qarşıdurma həlledici mərhələyə keçir - AKTUAL

“Fransanın indiki durumu Makron hakimiyyətinin yürütdüyü yanlış siyasətin nəticəsidir. Çünki Makron hakimiyyəti zəifləmiş Fransanı hələ də dünya hegemonu hesab edir”.

Bu sözləri Bakıvaxtı.az-a analitik Elçin Xalidbəyli Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Fransanı hələ də imperiya əhval-ruhiyyəsində idarə etməyə çalışırlar:

“Elə hesab edirlər ki, Fransa hələ də dünyaya hökm etmək gücündədir. Ancaq son illərdə bu ölkə gücünü və beynəlxalq nüfuznu ciddi şəkildə itirib. Xüsusilə Fransanın Afrika qitəsindən qovulması bu ölkə üçün böyük fəlakət prosesinin başlanmasına yol açıb. Bu ölkənin iqtisadiyyatı Afrika dövlətləri və xalqlarının sərvətlərinin mənimsənilməsi hesabına ayaqda dururdu. Ucuz və külli miqdarda xammal Fransa iqtisadiyyatı üçün inkişaf qaynağı idi. Afrika dövlətləri bir-birinin ardınca Fransanı öz ərazilərindən çıxardı. Fransa iqtisadi qaynaqları itirdi və nəticədə Fransa iqtisadiyyatı üçün çöküş mərhələsi başladı. Bu da Fransa dövlət büdcəsində böyük boşluqların yaranmasına yol açdı”.

Həmsöhbətimiz qeyd edib ki, indi Makron hakimiyyəti ölkənin idarə olunması üçün maliyyə qaynaqları tapmaqda çətinlik çəkir:

“Büdcəni formalaşdırmaq üçün ciddi problemlərlə üzləşiblər. Son illər Makron hakimiyyəti Fransa cəmiyyətində öz nüfuzunu sürətlə itirməkdədir. Avropa Parlamentindəki seçkilərdə Makron hakimiyyətini təmsil edən siyasi qüvvə məğlubiyyətə uğramışdı. Ardınca Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərdə Makronun rəhbərlik etdiyi siyasi partiya məğlub oldu, müxalifət üstünlük qazandı. Bu, Makron hakimiyyətinin ölkədaxili siyasi mövqelərinə sarsıdıcı zərbələr vurur”.

Elçin Xalidbəyli: Makron hakimiyyəti Fransa cəmiyyətində öz nüfuzunu sürətlə itirməkdədir

Müsahibimiz hesab edir ki, Makrona qarşı impicment müraciəti belə edilib:

“Fransa parlamenti də ölkənin tarixində ilk dəfə olaraq, bir prezident haqqında impicment müraciətini icra etmək üçün qəbul edib. Hazırda Makron hakimiyyəti ciddi siyasi, ictimai böhranla üz-üzədir. Bu siyasi-ictimai böhranın nəticələri Fransada dağıdıcı iğtişaşların ortaya çıxması ilə nəticələnib”.

Xalidbəyli qeyd edib ki, indi Fransa hakimiyyəti mövcud vəziyyətdən çıxmaq üçün bütün dünyaya dərs keçdiyi demokratik dəyərlərdən imtina etmək məcburiyyətində qalacaq. Onun sözlərinə görə, zorakılıq, siyasi rəqiblərin təqib olunması, iğtişaşlara qarşı polis qüvvələrinin müdaxiləsi, insan azadlıqlarının məhdudlaşdırılması kimi addımlar atmağa başlayıblar:

“Bu da o deməkdir ki, Fransada siyasi qarşıdurma həlledici mərhələyə keçmək üzrədir”.

Həmsöhbətimizin qənaətincə, hadisələr belə davam edərsə, Fransada hakimiyyət dəyişikliyi qaçılmaz olacaq:

“Makron səlahiyyət müddətinin bitməsindən xeyli əvvəl istefa vermək məcburiyyətində qala bilər”.

Qeyd edək ki, Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb. Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Bryuno Retayo BFMTV telekanalına açıqlamasında bildirib. "309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib", – nazir qeyd edib.

Aydın Baxış

Избранный
12
1
bakivaxti.az

2Источники