Bakı, 19 sentyabr, AZƏRTAC
Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.
Qeyd etmək lazımdır ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır.
Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə AQTA ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb.
AQTA diqqətə çatdırır ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.