RU

Öz hesabına sinifi təmir edən müəllim: Məktəbə ağıllı lövhələr də gətirəcəm - MÜSAHİBƏ

Lənkəran rayonunun ucqar dağ kəndi - Bəliton kənd tam orta məktəbinin müəllimi Çinarə müəllimə yeni tədris ilinə öz hesabına sinif otağını təmir etməklə başlayıb. Onun bu təşəbbüsü məktəbdə və sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb.

Müəllimin bu addımı yalnız maddi deyil, həm də mənəvi sərmayə kimi dəyərləndirilir.

AzEdu.az Təhsil Portalı olaraq, biz Çinarə müəllimə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrəndik.

Çinarə müəllim, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.

- Mən, Ağayeva Çinarə Şadman qızı, 2003-cü ildə Lənkəranın Bəliton kəndində anadan olmuşam. Elə bu kəndin məktəbində də təhsil almışam. 11 illik təhsilimi başa vurduqdan sonra 543 balla Bakı Slavyan Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul oldum. Bakalavr təhsilimi tamamladıqdan sonra müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və öz kəndimdə müəllim kimi fəaliyyətə başladım.

-Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz?

168214

- Artıq 2 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Bu peşəyə uşaq yaşlarımdan böyük həvəsim olub və hər zaman özümü bir müəllim kimi təsəvvür etmişəm. Peşəmi çox sevirəm və əlimdən gəldiyi qədər şagirdlərimə dəstək olmağa çalışıram.

Bilirsiniz ki, ucqar dağ kəndində yaşayırıq və burada şərait yaxşı deyil. Hətta oxuduğum illərdə məktəbimizə gələn müəllimlər şəraitin çətinliyinə görə uzun müddət qalmazdılar. Mən isə hər zaman özümə söz vermişdim ki, təhsilimi bitirən kimi elimə-obama qayıdaraq burada təhsil almaq istəyənlərə kömək edəcəyəm.

Sonuncu kursumda müəllimlərə baş çəkmək üçün məktəbə getdim. Həmin gün Bilik gününə təsadüf edirdi və orada şagirdlərə söz verdim ki, il sonra gəlib sizə xidmət edəcəyəm və ingilis dilinizi inkişaf etdirəcəyəm. Və elə də oldu: məzun olduğum il MİQ imtahanını verərək həmin məktəbin ingilis dili müəllimi oldum

- Gənc yaşına baxmayaraq, şagirdlər tərəfindən böyük hörmət və sevgi qazanmaq heç də asan deyil. Qısa pedaqoji fəaliyyətinizə rəğmən, artıq şagirdlərinizin sevgisini qazanmağınız təqdirəlayiqdir. Maraqlıdır, bu qısa müddət ərzində şagirdlərinizin rəğbətini necə qazanmısınız?

168219

- Bu həyatda hər şey qarşılıqlıdır. Şagirdlərimə qoyduğum hörmət və göstərdiyim sevgini onlar da mənə göstərirlər. İlk evdən çıxarkən özümə sadəcə bunu dedim ki, sən bir müəllimsən, şagirdlərinə sevgi verməlisən. Təhsillə yanaşı sevgi də verməlisən və bu daha uğurlu nəticələnir. Müəllim bir bağbana bənzəyir: bağban öz bağçasındakı güllərə qayğı göstərir, onları sevir; müəllim də şagirdlərinə sevgiylə yanaşmalıdır.

O, şagirdləri üçün hazırladığı motivasiya videolarının da böyük maraq doğurduğunu vurğulayır: "Keçən il 9-cu sinif şagirdləri imtahana getməmişdən əvvəl onlara motivasiya videosu çəkmişdim. Video yayıldı və sevilmişdi. Həmçinin valideynlərin inamı da mənə stimul verir; yolda bir valideynlə qarşılaşanda təşəkkür edir və övladının məni nə qədər çox istədiyini bildirir. Bütün bunlar mənə əlavə motivasiya verir.

- Sizcə, yaxşı müəllim olmaq üçün ən vacib 3 xüsusiyyət hansılardır?

İlk növbədə müəllim iradlara açıq olmalıdır. Bəzi müəllimlər bunu edə bilmir. İkincisi, müəllimin vicdanlı olması vacibdir. Vicdanı savadından geri qalmamalıdır. Üçüncüsü isə hörmətdir. Qarşı tərəfi incitmədən sevmək lazımdır. Düşünürəm ki, bu üç xüsusiyyət müəllimdə olarsa, o hər şeyi ən yaxşı şəkildə bacaracaq.

- Çinarə müəllim, siz əsasən neçənci siniflərə dərs deyirsiniz?

168213

Keçən il 8,9,10 və 11-ci siniflərə dərs keçirdim. Bu il isə məktəbimizdə ingilis dili müəllimi olmadığına görə 1-ci sinifdən 11-ci sinfə qədər dərs deyirəm.

- Bizə çox maraqlıdır, sinfi təmir etmək fikri sizdə necə yarandı və bu qərarı verməyinizdə nə təsirli oldu?

- “10-cu sinifdə oxuyan bir şagirdim sinfə baxıb dedi ki, "Müəllim, kaş mən də bu sinifdə oxuyardım, insan oxuduqca oxuyası gəlir". Bu sözlər məni düşündürdü ki, şagirdlərin təhsil alması üçün mühitin də önəmi böyükdür. Keçən ildən sinfi təmir etmək barədə fikirləşirdim, amma müəyyən kiçik problemlər səbəbindən bunu reallaşdıra bilmədim. Lakin şagirdlərimə söz vermişdim ki, növbəti il fərqli bir sinf təqdim edəcəyəm. Mənim üçün müəllim olaraq şagirdlərə verdiyim sözə əməl etmək vacibdir, çünki etimad qırılmamalıdır.

Yay boyu məndən soruşurdular ki, “müəllim sinfimizi təmir edəcəksiniz?” Beləliklə sinfi təmir etmək qərarına gəldim. Elə işə çıxdığımız andan etibarən sinif üçün nələr edə biləcəyimi düşünməyə başladım. Bunu 10 günə ərsəyə gətirə bildim. Həmin otaqda 6-cı sinif şagirdlərim əyləşir.

- Bəs sinfi təmir etmə prosesində tək idiniz? Yəni kimsə sizə hər hansısa köməklik göstərdimi?

168217

Müəyyən köməklər oldu. Məsələn, mənə “bunu belə edə bilərsən, bunu belə etsən daha yaxşı olar” kimi məsləhət verənlər oldu. Sinfi bütün müəllimlər tərk edəndən sonra açarı alıb deyirdim ki, “bəs, mənim burda işim var”. Saat 4-dən 5-ə qədər siniflə məşğul olurdum. Hələ yeni nələrsə etməyi düşünürəm, sadəcə olaraq vaxt azlığı səbəbindən bəzi detalları həyata keçirə bilmədim.

Həmin hissələri də boş saxlamışam ki, oraya yeni nəsə edəcəyəm.

- Təmir işlərini öz hesabınıza etməyi qərar verdiyiniz vaxt ətrafınızdakı insanların reaksiyası nə oldu?

- Məktəbin direktoru mənim atamdır. O, bu xəbəri eşidəndə çox sevindi, çünki həmişə deyərdi: “Arzumdur ki, müəllimlərim şagirdlərini sevindirmək uğrunda addım atsınlar”. Mənə kömək üçün məsləhət verənlərdən biri də atam idi.

Sosial şəbəkədə həmin video paylaşılandan sonra bəziləri rəy yazdı ki, “bunu dövlət etməli idi.” Əslində xeyr, dövlət bizə yeni bir məktəb verib. Sadəcə, sinif uzun müddət şagirdlər tərəfindən istifadə olunduğu üçün bir qədər köhnəlmişdi. Mən isə təbii ki, sinfə öz rəngarəngliyimi qatmaq istədim. Buna görə məni heç kəs məcbur etməyib. Mən həmin şagirdlərin həm də sinif rəhbəriyəm. Sinif rəhbəri olduğum üçün əlavə maaş alıram, amma təbii ki, bunu onlar üçün etməliyəm.

- Nə xoş ki, belə bir düşüncəyə sahibsiniz...

Təşəkkür edirəm. Açığı belə müsbət rəyləri oxuyan zaman özümü qəribə hiss etdim. Əslində bu cür düşünməməldirlər.

- Sizcə müasir təhsil mühiti necə olmalıdır?

- Keçən ildən etibarən şagirdlərimə interaktiv dərs metodunu aşılamağa çalışıram. Əvvəllər fikir verirdim ki, biz sadəcə otururduq, susurduq, müəllim bizə nələrisə izah edirdi. Sanki bizə orda sadəcə bilik əzbərlətdirilirdi. Lakin dərs tədris etdiyim müddətdə isə şagirdlərim üçün evdən kompüter gətirirdim. Dərsi daha da genişləndirmək məqsədilə onlara bu barədə video izlədirdim. Bu da öz növbəsində onlar üçün daha xoş olur.

- Çinarə müəllim, sizə görə şagirdləri anlamaq üçün nə etmək lazımdır?

168215- Ümumiyyətlə hər bir şagird fərqlidir. Mənə görə hər bir şagirdə fərdi yanaşılmalıdır. Bəzən müəllim bütün siniflə ümumi maraqlanır, amma şagirdin hisslərini bəzən başa düşə bilmir. Lakin müəllim bunu hiss etməyi bacarmalıdır. Düşünürəm ki, əgər şagirdləri daha yaxşı anlamaq istəyiriksə, hər birinə vaxt ayırıb, onun daxili aləmini kəşf etməliyik.

- Sizə görə yaxşı bir müəllim şagirdinin xatirəsində necə bir iz qoya bilər?

168216- Bu günə qədər həmişə istəmişəm ki, şagirdlərim üçün hər şeyin yaxşısını edə bilim və onlara inana bilim. Keçən 9-cu sinif şagirdlərim mənə deyirdilər: “Müəllim, nə olar, bizə tez-tez motivasiya dərsi keçə bilərsiniz?” Mən soruşurdum: “Bəs, hər dəfə niyə?” Onlar isə bildirirdilər ki, “Siz bizə o qədər inanırsınız ki, biz sizin sayənizdə imtahanda ingilis dili üzrə yaxşı nəticə göstərəcəyik”. Və elə də oldu. Bir şagirdim mənə dedi: “Mən sizin sayənizdə dərsi, peşəni sevmək nədir, onu öyrəndim". Mən şagirdlərimin hər birinə çox inanıram.

- Gələcəkdə sinifinizlə ümumiyyətlə məktəbinizlə bağlı nə yenilik etməyi planlaşdırırsınız?

- Çox yaxın zamanda genişmiqyaslı tədbirlər keçirməyi düşünürəm. Şagirdlərimizi daha da maarifləndirmək üçün belə bir addım atmaq istəyirəm. Hazırda diqqət mərkəzində şagirdlərin bullinqə məruz qalması ilə bağlı məsələ durur və bununla bağlı geniş tədbir keçirməyi planlaşdırıram. Məktəbimiz üçün isə yeni proyektorlar və ağıllı lövhələr gətirtmək istəyirəm. Əminəm ki, bunları da həyata keçirə biləcəyəm.

Избранный
13
azedu.az

1Источники