RU

Dahi bəstəkarın 140 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Dünən ölkəmizdə böyük bəstəkar Üzeyir Hacıbəyovun doğum günü və eyni zamanda Milli Musiqi Günü kimi qeyd olundu.

Hər il olduğu kimi, bu əlamətdar gün münasibətilə Üzeyir Hacıbəylinin ev muzeyində müxtəlif mədəni və musiqi tədbirləri təşkil edildi.

Bəs bu il Milli Musiqi Günü ilə bağlı muzeydə hansı yeniliklər olub? Ziyarətçilərin fəallığı əvvəlki illərlə müqayisədə necə olub?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Vəfa Bağırzadə bildirib ki, dünənki tədbirdə bir çox incəsənətə marağı olan insanlar iştirak etdi:

“Bildiyimiz kimi, dünən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyi oldu. Bu münasibətlə muzeyimizdə ənənəvi olaraq çox maraqlı tədbir keçirildi. Tədbirdə Üzeyir Hacıbəylinin bir-birindən maraqlı əsərləri səsləndirildi. İncəsənət və musiqi məktəbinin şagirdləri, tələbələri, həmçinin Cahangir Cahangirov adına xor kollektivinin solistləri də iştirak etdilər. 

Hər il ev muzeyində Üzeyir bəyin yubileyi təntənəli qeyd olunur. Qonaqlar gəlir, Mədəniyyət Nazirliyinin nümayəndələri, musiqişünaslar, alimlər, incəsənət xadimləri tədbirə qatılırlar. Dünənki tədbirdə də musiqişünas Zümrüd Dadaşzadə, Kəmalə Dadaşzadə və Azərbaycan Milli Konservatoriyasının redaktoru Lalə Hüseynova çıxış etdilər”. 

O qeyd edib ki, muzeyə gələnlər arasında sıravi insanlar və muzey işçiləri də vardı:

“Tədbirin açılışını Humay Cabarova etdi və Üzeyir bəyin zəngin irsi haqqında dolğun məlumatlar verdi. Muzeyə gələnlər arasında sıravi insanlar və muzey işçiləri də var idi. Çox maraqlı tədbir baş tutdu. Üzeyir Hacıbəylinin ev muzeyində onun doğum günü maraqlı və təntənəli şəkildə qeyd olunur. Bu il də bu ənənə uğurla davam etdirildi”.

Избранный
28
cebheinfo.az

1Источники