RU

Ərdoğan BMT Baş Assambleyasında 15-ci dəfə çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabrda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.

News365.az xəbər verir ki, bu, onun Assambleyada 15-ci nitqi olacaq. İlk dəfə 2005-ci ildə baş nazir kimi çıxış edən Ərdoğan son illərdə beynəlxalq gündəmin əsas mövzularına dair mesajları ilə diqqət çəkib.

Ərdoğan indiyədək BMT tribunasında BMT-nin struktur islahatlarının vacibliyini vurğulayıb, daha ədalətli və şəffaf qlobal idarəçilik sistemi qurulmasının zəruriliyini bildirib. “Dünya beşdən böyükdür” ifadəsi ilə Təhlükəsizlik Şurasında dəyişiklik tələb edən prezident, eyni zamanda, Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edib, FETÖ, PKK, DEAŞ və digər terror təşkilatlarına qarşı mübarizəni ön plana çıxarıb.

Türkiyə lideri əvvəlki çıxışlarında həmçinin Fələstin məsələsinə toxunaraq, beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına qarşı tədbir görməyə çağırıb, qeyri-qanuni miqrasiya problemini “körpə Aylan” nümunəsi ilə xatırladıb. Pandemiya dövründə BMT-nin səmərəsizliyini tənqid edib, iqlim dəyişikliyi, təbii fəlakətlər və Qara dəniz taxıl dəhlizi ilə bağlı Türkiyənin rolunu önə çəkib.

Bu ilki çıxışında isə əsas diqqətin Qəzzadakı vəziyyətə, Fələstinin dövlət kimi tanınmasına və İsrailə qarşı beynəlxalq tədbirlərə yönələcəyi gözlənilir. Ərdoğan həmçinin sentyabrın 22-də Fələstin Konfransında, 24-də isə İqlim Sammitində iştirak edəcək.

Assambleya çərçivəsində Türkiyə Prezidenti digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək. Dünyanın 195 ölkəsindən nümayəndələrin qatılacağı sessiya beynəlxalq gündəmin mühüm məsələlərinin müzakirəsi üçün əsas platforma olacaq.

Ərdoğanın çıxışları hər zaman xarici mediada geniş işıqlandırılır və qlobal miqyasda mühüm mesajlar kimi dəyərləndirilir.

News365.az

Избранный
22
news365.az

1Источники