RU

Təhsildə ev tapşırığına ehtiyac var?

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəmil Sadiq

Təhsildə ev tapşırığı anlayışı uzun illərdir, müzakirə olunan və bəzən də problematik qəbul edilən mövzulardan biridir. Müasir dövrdə valideyn, müəllim və şagirdlərin gündəlik həyatında ev tapşırıqlarının yaratdığı gərginlik təhsil sistemində daha geniş strateji suallar doğurur: "Ev tapşırığının məqsədi nədir, hansı yaş səviyyəsində və miqdarda tətbiq edilməlidir, beynəlxalq təcrübədə bu məsələyə yanaşmalar necədir?”

Ev tapşırıqlarının mənşəyi XIX əsrin sonlarında Avropa və ABŞ məktəblərinə gedib çıxır. Əvvəlcə sadə məşqlər kimi təqdim edilən tapşırıqlar XX əsrdə daha geniş ölçü alıb, xüsusən də standartlaşdırılmış qiymətləndirmə modellərinin  yayılması ilə yükü artıb. Tarixə nəzər yetirsək, ustad-şagird təhsili dövründə biz ev tapşırıqları görmərik. OECD və UNESCO-nun araşdırmalarına görə, 2018-ci ildən etibarən bir çox ölkə ibtidai siniflərdə ev tapşırıqlarını məhdudlaşdırmağa başlayıb.

Müasir təcrübələr, araşdırmalar və beynəlxalq müqayisələr göstərir ki, ev tapşırığı ilə şagird nailiyyəti arasında birbaşa müsbət əlaqə yalnız yuxarı siniflərdə müşahidə olunur. OECD-nin PISA hesabatları ibtidai siniflərdə həddindən artıq tapşırığın şagirdlərin motivasiyasına və rifahına mənfi təsir göstərdiyini vurğulayır. Finlandiya, Danimarka, Kanada kimi ölkələr 1 – 6-cı siniflərdə ev tapşırıqlarını minimuma endirərək dərs zamanı aktiv öyrənməyə üstünlük verirlər. 

Azərbaycan təhsil mühitində ev tapşırıqları əsasən test formatında təqdim edilir və bu, sözsüz ki, yaradıcı bacarıqların inkişafına mane olur.  Hədəf Liseylərində 2018-ci ildən ibtidai siniflərdə ev tapşırıqlarının ləğv edilməsi təcrübəsi göstərir ki, dərs vaxtının effektiv təşkili və müəllimlərin metodik hazırlığı bu yükü əvəz edə bilər.

Məhz bunun üçün də bu mövzuya geniş toxunmaq istədim. Etiraf edək ki, bu gün ev tapşırığı məsələsi ciddi kabusa çevrilib. Göründüyü kimi, bu kabus son yüz ildir, davam edir və hər keçən gün bir az da ağırlaşmaqdadır. Yadıma gəlir ki, mən uşaq olanda da ev tapşırığı problem idi, amma indi bu problem o qədər böyüyüb ki, idarə etmək mümkün deyil. 

Bugünkü anlamda ev tapşırığının hansı səbəblərdən problem yaratdığını bir neçə başlıqla ifadə edib izahını vermək istəyirəm:

1. Ev tapşırığı ailənin hüzurunu pozur;

2. Ev tapşırığı mahiyyətini itirib, formal xarakter daşıyır;

3. Ev tapşırığı ailələrin büdcəsinə ciddi şəkildə təsir edir;

4. Ev tapşırığı müəllimlərin yaradıcılıq potensilanı öldürür.

Məncə, ev tapşırığı ailənin hüzurunu pozan, müəllimi düşmənə çevirən, məktəblə şagirdi, ata ilə ananı, ata ilə uşağı üz-üzə qoyan ən böyük amildir. Çünki bu günün şagirdi evə ev tapşırığı yükü ilə gedir, günün ağırlığını təzəcə atıb, nə iləsə məşğul olmaq, əylənmək, öz hücrəsinə çəkilmək istəyən kimi ata və ya ana o dəqiqə qışqırır, dərsləri həll etməyi tapşırır. Və ya ata evə gələn kimi ananın giley-güzarı və atanın gününün qara olmasıdır. Beləcə, qırışığı yenicə açılan uşaq müəlliminə də, məktəbə də qıcıq olur, əsəbi şəkildə o formal tapşırıqları etməyə gedir. Digər məsələ də uşağın evə tapşırıqsız getməsidir. Əgər hansısa innovativ və ya dəstədən geri qalan müəllim ev tapşırığına üstünlük vermirsə, onda da bir ayrı qırğın; "Sən demə, müəllim dərs keçmirmiş...” 

Ev tapşırığının bu qədər dəb olması isə özü ilə köçürmələri, formallığı gətirir. Hamımız çox yaxşı bilirik ki, ibtidai siniflərdə adətən analar bu işi həll edir, uşaq yatsa da, çantasına qoyur. Yuxarı siniflərdə də bu "analığı” süni zəka proqramları öz üzərinə götürür. Beləcə, mahiyyətindən uzaqlaşaraq vaxt itkisinə çevrilən gərəksiz iş olur ev tapşırığı.

Axı bu ev tapşırığının mahiyyəti nədir, niyə bu qədər söz-söhbətə, problemə çevrilib dünya təhsilində?

Əslində, ev tapşırığı məktbədə keçirilənlərin möhkəmləndirilməsi məqsədi daşıyır. Yəni dərs keçirilir, bitir, yeni keçirilmiş dərs unudulmasın, möhkəmləndirilsin deyə müəllimlər evdə həll etmək üçün 2-3 tapşırıq verməlidir. Amma bir zamanların çalışma kimi təqdim edilən ev tapşırığı indi hədəqəsindən çıxıb, yüzlərlə testin həll edilməsinə gətirib çıxarıb. Təsəvvür edin, 5 – 8-ci siniflərdə gündə dörd fənn tədris edilərsə, hər fəndən 20 testin həll edilməsi evə tapşırılır (bəzən test sayı 50-100-ə qədər arta bilər). Deməli, uşaq hər gün evdə 80-100 tapşırıq etməli, üstünə ədəbiyyatdan, tarixdən, coğrafiyadan fənləri oxumalıdır və s. Günün əsas hissəsini məktəbdə keçirən şagird gününün digər yarısını da tapşırıq etməklə keçirməlidir. Amma keçirmir, çünki o, tapşırıqları elə qəşəng yola verib məktəbə gəlir ki, müəllim bunu hiss etsə də, üzə vurmur. Ya yaxşı oxuyan bir şagirdin yazdığı testləri digərləri də köçürür, ya da internet üzərindən cavabları tapıb yazır. Biz də buna "təhsil” deyirik. Burda şagirdin əldə etdiyi yeganə bacarıq vəziyyətdən çıxamağın yollarını tapmaqdır. Bəli, burda ironiya ilə deyə bilərik ki, məktəb bizə həyatı öyədir...

Nəzərə alsaq ki, bu gün evə verilən tapşırıqların 90 faizi testdən ibarətdir, yəni yaradıcı, düşündürücü, araşdırıcı deyil, deməli, ev tapşırığı ifadəsi özü kökündən yön dəyişidirib başqa məqsədlərə xidmət edir. Bunun nəticəsidir ki, ev tapşırığı anlayışı dövlət və özəl qurumlar tərəfindən biznes yarışına çevrilib. Niyəsini deyim. Deməli, dövlət büdcəsi ilə dərsliklər çap edilir və şagirdlərə pulsuz verilir. Amma nazirliyin qrifi ilə çap edilən iş dəftərləri müxtəlif nəşriyyatlar tərəfindən çap edilir və satışa çıxarılır. Onun üstünə Dövlət İmtahan Mərkəzi də geri qalmayıb, qiymətləndirmə vəsaiti, iş dəftəri formatında tapşırıqlar toplusu nəşr edib bazara buraxır. Hər iki qurumun nəşrləri daha çox biznes məqsədlidir. Hə, bunun da üstünə özəl sektorun nəşriyyatları, repetitorları müxtəlif rəngdə, formatda, tərtibatda tapşırıqlar toplusu çap edir. Çünki qəbul sistemimiz tərəfindən tələbat yaradılıb. Deməli, hansısa sinifdə bir valideyn hər fəndən ən az iki-üç test tapşırıqları toplusu almağa məhkum olur. İkisi dövlət qurumu, biri də özəl olanda vəziyyəti özünüz düşünün. Bu da sözsüz ki, valideyn büdcəsinə ciddi təsir edir və haqlı narazılıqlar baş alıb gedir. 

Digər ağrılı tərəfi isə müəllimlərimizin ev tapşırığı altında, bir növ, gizlənməsidir. Niyəsini yenə izah edim. Əslində, hər bir müəllim dərsinə hazırlaşmalı, hansı sualları, tapşırıqları, oyunları keçməli olduğunu müəyyənləşdirməlidir. Əlimizdə hazır test topluları olduğu üçün əksər müəllim dərsini keçən kimi adama 10 test verib, "Həll edin, gəlirəm”, ya da "Həll edin, gəlin” deyir. Bəzi müəllimlər va ha, qıçın aşırıb qıçının üstünə bütün dərslərini qiraət formasında keçirdi, bu da bir növ, ondandır. Yəni "Sən oxu, indi sən oxu, sonra sən oxu”, axırda da beli ağrıyıb ayağa qalxanda qəfil birinin qulağından tutub: "Harda qalmışdı, niyə izləmirsən?” – deyən müəllim tiplərinin testologiya variantıdır. Sözsüz, bu dediklərim bütün müəllimlərimiz üçün deyil, amma təəssüflər olsun ki, əksər müəllimlərimiz bu metoddan istifadə edir. Tapşırığını edib gələn uşaqdan da, 1a, 2c, 3d, 4b kimi əlifba və rəqəmlər dərsi keçirilir. Bütün bunlar isə yaradıcı mühitin ölməsi, məhv olmasıdır. 

Əziz valideynlər, evdə dərs oxumayan uşaq zəif olacaq, dərsindən geri qalacaq deyə ölçü meyarı yoxdur. Əvvəlcə siz buna qarşı çıxmalı, çox tapşırıq yükləyən məktəblə, müəllimlə mübarizə aparmalısınız. Dərs açılmamış müəllimlər kitab siyahısı yazdırır, "Filan nəşrdən filan kitabı, filan nəşrdən filan kitabları alın” deyirlər. Almayın, qoyun müəllim zəhmət çəkib evə yaradıcı tapşırıq versin, siz də zəhmət çəkib uşaqlarınızla vaxt keçirin.

Müəllimlərimiz də bu mövzuda bir az aktivlik göstərməli, uşaqları əzbərçi testlərə yükləməməlidir. Əminəm ki, sınasanız, görərsiniz ki, dərsi dərsdə öyrətmək və möhkəmləndirmək mümkündür. Sadəcə bunun üçün cəhd edilməli, yollar araşdırılmalıdır. Düzdür, fənlərə görə bu dediklərim bir az fərqli ola bilər, amma ümumilikdə ən azı 8-ci sinfə qədər ev tapşırığı olmadan keçinmək mümkündür, xüsusən də sadəcə dərsliklər əsasında...

Ev tapşırığı heç bir halda öyrənmə meyarı deyil, ola da bilməz. Ümumilikdə təhsildə lazımlı olan bu yanaşma öz məcrasından çıxıb, artıq geri dönüş yoxdur və yeganə yolu birdəfəlik qadağan olunmaqla məsələni həll etmək olar. Təhsil sevgi olmalıdır, gestapo yox. Bu cür yolunu azmış metod və yanaşmalar günümüzün məktəblərini dözülməz hala gətirir. Onsuz da, informasiya selində boğulan cəmiyyəti bir də gərəksiz yüklərlə incitməməliyik. Həm mənim, həm də müsir təhsil araşdırmaları və statistikalarının gəldiyi qənaət budur ki, heç olmasa, 1 – 6-cı siniflərdə evə verilən tapşırıqlar sadəcə yaradıcı, ailə birliyini formalaşdıran, əyləncəli, araşdırma və sorğulama qabilliyyəti olan insan yetişdirməldir. Əzbərçi mühiti formalaşdırmamalıdır. "Ev tapşırığı nə qədər çox olarsa, uşaq daha artıq məşğul olar, əlavə məşğuliyyətlərə qurşanmaz, dərslərini yaxşı oxuyar” deyə bir şey yoxdur. 

Az qaldı, əminəm, az qaldı! Yaxın zamanlarda yaşadığımız bu məktəb modeli yerlə-yeksan olacaq, bu cür diplom xəstəliyinə yoluxmuş təhsil tamamən yerini başqa modelə verəcək. İvan İliçin "Məktəbsiz cəmiyyət” adlı əsərini oxusanız, məktəblərin cəmiyyətə nə qədər zərbə vurduğunun da şahidi olarsınız. Ona görə də səriştəəsaslı dərsə yön alın. Əmin olun, o uşaqlar çox möhtəşəm olurlar. 20 illik təcrübəsi olan bir müəllim kimi buna əminəm, çünki şahidi olmuşam. Gəlin təhsilə baxışımızı dəyişək. Qoyun  universitetə hazırlaşanda bunları əzbərləsinlər, öyrənsinlər, heç olmasa, məktəbin 8 ilini uşaq kimi yaşasınlar, insanlığı, cəmiyyəti dərk etsinlər, davranışlar formalaşdırsınlar.

Bir neçə yaradıcı ev tapşırığı nümunəsini qeyd edirəm və əminəm ki, müəllimlərimiz daha yaxşı nümunələr taparlar. Bunlar o tapşırıqlardır ki, hansısa kitabları aldırıb, ağaclara ziyan vurdurmayacaq...

Müsahibə

Balabilgə valideynindən onun ixtisasına dair müsahibə götürür. 

Nə üçün bu ixtisası seçdi? Bu ixtisasa sahib olan bir insanın xarakterik xüsusiyyətləri, düşünmə tərzi necə olmalıdır? İxtisasını artırmaq, təkmilləşmək tələbi ilə üzləşirmi? İxtisasına dair hansı qaynaqlardan bilgi və bacarıqlarını artırmaq üçün mütəmadi istifadə edir? 

Balabilgə müsahibəni yazılı və ya audioqeyd olaraq müəllimə təqdim edir. Müsahibənin əsas tezislərini xülasə halında siniflə bölüşür.

Nəsillərarası təhsil fərqi

Balabilgə ana və ya ata tərəfin yaşlı nümayəndəsindən müsahibə alır.

Onun dövründə təhsil necə idi? Hansı mövzuları keçirdilər? Hansı vasitələrdən istifadə edirdilər? Müəllimlərin balabilgələrlə rəftarı necə idi? Hansı texnologiyalar mövcud idi? 

Balabilgə eyni sualları atasına və ya anasına, həm də özünə verir. Üç nəsil (nənə-baba, ana-ata, balabilgə) arasındakı təhsil və texnoloji fərqləri müəyyən edib yazılı halda müəllimə təqdim edir.

Ev iqtisadiyyatı

Balabilgə evin aylıq kommunal xərclərinin siyahısını müəyyənləşdirir.

Qaza, suya, elektrikə ayda nə qədər ödəniş olunur? Kommunal xərcləri azaltmaq, ətraf mühitin çirklənməsinə mane olmaq üçün balabilgənin hansı təklifləri var? İşıq, su, qaz və s. xidmətlərdən necə daha qənaətlə istifadə etmək olar?

Sağlam həyat

Balabilgə valideyni ilə birlikdə sağlam həyat haqqında məsləhətlər siyahısı hazırlayır.

Saat neçədə yatmaq lazımdır? Neçə saat yatmaq lazımdır? Hansı qidalar mineral, vitamin, liflər, mikroelementlər baxımından zəngindir? Şirniyyat yemək norması nə qədər olmalıdır? Stresin əsəb və mədə xəstəliklərinə təsiri nədir? Stres necə azaldıla bilər?

Bədii zövq

Balabilgə valideyni ilə onun ən çox sevdiyi film, aktyor, əsər, qəhrəman haqqında danışır. 

Valideyn nə üçün bu film, əsər, aktyor və qəhrəmanları sevir? Onlarda bəyəndiyi cəhət hansıdır? Hansı əsər və obraz ona çox təsir edib? 

Balabilgə ilə valideyni parçadan kukla tikirlər və onun hansı canlı növünə aid olduğunu müəyyən edib ad verirlər. O canlının gözündən ekoloji vəziyyəti təsvir edirlər və balabilgə sinifdə bu kukla tamaşasını təqdim edir.

Coğrafiya

Balabilgə valideyni ilə birlikdə yaşadıqları yerin coğrafi koordinatlarını müəyyən edir, hansı cəhətə baxdığını, mərkəzlə arasındakı məsafəni ölçür və minixəritə hazırlayır.

Səyahət

Balabilgə valideyni ilə birlikdə bir ölkəyə səfər planlaşdırır.

Vizanın alınması, nəqliyyat vasitələri, saat qurşağı, pul vahidi, otel qiymətləri, məşhur yerlər və muzeylər. "Google Earth” vasitəsilə gedəcəkləri ölkənin əsas şəhərlərini və aralarındakı məsafəni müəyyən edirlər.

Yemək

Balabilgə valideyni ilə birlikdə xarici ölkənin məşhur yeməyini müəyyən edir və hazırlanma reseptini tapır. Sinif yoldaşlarına yeməyin hazırlanmasını təsvir edir.

Sakit mühit

Balabilgə "sound meter” tətbiqi vasitəsilə evdəki səs şiddətini ölçür. Valideyni ilə birlikdə normal səs səviyyəsini müəyyən edir və səs səviyyəsini normadan çox artıran halları analiz edirlər. Nominal səs səviyyəsini qorumaq üçün tədbirlər müəyyən edirlər.

P.S. Bizim Hədəf Konseptində şagirdə "balabilgə” deyirik, ona görə də bəzi yerlərdə şagird əvəzinə balabilgə sözü işlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azxeber.com

1Источники