RU

Saqqala görə mübahisə yarandı: “İslama təhqirdir!”

İlahiyyatçı Tural İrfanın saqqal barədə fikirləri sosial mediada müzakirələrə səbəb olub. O, pravda.az-a açıqlamasında bildirib ki, islam dini saqqalı zəruri görmür və əsas meyar insanın səliqəsi, təmizliyi və düşüncəsidir.

Sitat: “Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanlara buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər”.

Əgər din bunu zəruri hesab etmirsə, niyə peyğəmbərlər çox vaxt saqqallı şəkildə təsəvvür edilir? İctimaiyyətin bir hissəsi saqqalı niyə dini simvol kimi qəbul edir?

KONKRET.az globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, ilahiyyatçının saqqal barədə söylədikləri islamın mövqeyi ilə üst-üstə düşmür.

O qeyd edib ki, islam qaynaqlarında saqqal sırf dəb, bəzək və ya fərdi seçim kimi göstərilməyib, əksinə peyğəmbərimizin (s.ə.s) hədislərində xüsusi olaraq vurğulanıb:

“Buxari və Müslim kimi ən etibarlı mənbələrdə peyğəmbərimizin “bığlarınızı qısaldın, saqqallarınızı uzadın və müşriklərə bənzəməyin” buyurduğu qeyd olunur. Bu hədisə əsaslanaraq islam fiqhində dörd məzhəbin çoxu saqqal saxlamağı vacib, heç olmasa güclü şəkildə təkid olunmuş sünnə hesab edib. Bəziləri deyə bilər ki, dinin əsası saqqal deyil, amma bu, onun dindən kənar və ya əhəmiyyətsiz bir məsələ olduğu anlamına gəlmir. Məsələ bundadır ki, dinin əsası namaz, oruc, iman olsa da, saqqal peyğəmbər sünnəsinin bir parçasıdır. Onu əhəmiyyətsizləşdirmək, “daş dövrünün qalığı”, “natəmizlik” adlandırmaq isə dinin əsaslarını təhqir etmək deməkdir. Bu, həm də saqqal saxlayan möminlərə hörmətsizlikdir”.

İlahiyyatçı bildirib ki, həmkarının qeyd etdiyi “Peyğəmbər müsəlmanlara öz dövrünün adətinə uyğun yaşamağı buyurub” kimi bir söz mənbələrdə yoxdur:

“Əksinə, peyğəmbərimiz bir çox məsələlərdə müsəlmanların başqa millət və dinlərin xüsusiyyətlərinə bənzəməməsini tövsiyə edib. Əlbəttə, islamda təmizlik böyük önəm daşıyır. Amma bunu yalnız saqqalla bağlamaq düzgün deyil. Saqqalı səliqəsiz saxlamaq, baxımsız buraxmaq əlbəttə ki, doğru olmaz. Lakin baxımlı, nizamlı saqqal həm peyğəmbər sünnəsinə uyğun olur, həm də insanın zahirinə səliqə qatır. “Saqqalda mikrob yığılır” arqumenti də elmi baxımdan mübahisəlidir. Çünki eyni sözləri saç, dırnaq, paltar, hətta telefon ekranı haqqında demək olar. Əgər təmizlik prinsiplərinə əməl olunarsa, saqqal da digərləri kimi səliqəli və təmiz qala bilər. İslam “təmizlik imanın yarısıdır” deyərkən, insanın həm bədəni, həm də qəlbinin təmizliyini nəzərdə tutur. Bu, heç də saqqalın qırxılmasını vacib etmir”.

Ə.Həsənov əlavə edib ki, saqqal möminin imanı ilə ölçülmür:

“Saqqal saxlamaq insanı əsla geridəqalmış etməz. İslamı elmlə, ağılla yaşamaq doğrudur, amma sünnəni kiçiltmək, təhqir etmək yanlışdır. Özümdə olmasa da, saqqal saxlayan qardaşlara hər zaman hörmətlə yanaşıram. Çünki onların etdiyi bir peyğəmbər sünnəsinə itaətdir. Saqqalı gerilik, natəmizlik adlandırmaq isə həm dini dəyərləri, həm də həmin insanları təhqir etməkdir. Bizim üçün əsas iman, elm və əməl olduğu kimi, saqqal da dini kimliyin bir parçasıdır. Biz dinimizdə olan məsələlərə orta mövqedən yanaşmalıyıq, heç bir məsələdə həddi aşmaq doğru sayılmır”.

Избранный
25
3
konkret.az

4Источники