RU

"Gənclərimizin formalaşmasında hər bir faktor məsuliyyət daşıyır" - MÜNASİBƏT BİLDİRDİ

"Son on ildə internetin və xüsusilə sosial medianın inkişafı cəmiyyətə bir çox imkanlar təqdim edib. Biznes, kommunikasiya və iqtisadi sahələrdə ciddi irəliləyişlər əldə olunub. Artıq dünyanın istənilən nöqtəsindəki insanlarla asanlıqla əlaqə yaratmaq, öz məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, lakin bu sürətli texnoloji inkişafın bir çox mənfi tərəfləri də mövcuddur: "Onlardan biri də sosial media fenomenlərinin cəmiyyət, xüsusilə də gənclər üzərindəki mənfi təsiridir.

Bugünkü reallıqda sosial şəbəkələr vasitəsilə bir çox insanlar, xüsusilə gənclər, gündəlik həyatlarını, davranışlarını və düşüncə tərzlərini formalaşdıran mənbələri əsasən bu platformalardan götürürlər. Təəssüf ki, bəzən sosial mediada populyarlıq qazanan şəxslər cəmiyyətin əsas milli, dini və əxlaqi dəyərlərinə zidd davranışlar sərgiləyirlər. Bəzi hallarda cinsiyyətlə bağlı normativ sərhədləri aşan, LGBT təbliğatına oxşayan məzmunlar təqdim edən şəxslərin fenomenə çevrildiyinin şahidi oluruq. Bu cür kontentlər xüsusilə yeniyetmələr və gənclər arasında böyük təsir gücünə malikdir.

Ən narahatedici məqam isə odur ki, bu şəxslər təkcə sosial şəbəkələrdə deyil, real həyatda da nüfuz qazanmağa başlayırlar. Onlar müxtəlif tədbirlərə, obyekt açılışlarına dəvət olunur, sponsorluq və reklam müqavilələri ilə ciddi maddi imkanlar əldə edirlər. Belə bir şəraitdə sosial mediada “fenomen olmaq” məqsədilə cəmiyyətin əsas dəyərlərini arxa plana atan davranışlar təbliğ olunur. Bu isə milli-mənəvi dəyərlərimizə və cəmiyyətin sağlam inkişafına ziddir. Burada əsas məsuliyyət yalnız bu şəxslərin deyil, həm də onları izləyən və məşhurlaşdıran cəmiyyətin üzərinə düşür. Cəmiyyət özü bu şəxsləri izləyərək, onları gündəmə gətirərək dolayısı ilə onların təsir gücünü artırır. Halbuki, əxlaqi dəyərlərə zidd davranış sərgiləyən və gənclərə yanlış örnək olan şəxslər ictimai qınaq obyektinə çevrilməlidir.

Dövlətimiz hüquqi və demokratik prinsiplərlə idarə olunur. Lakin bu, dəyərlərsizliyi təşviq etmək mənasına gəlməməlidir. Qanun çərçivəsində hər kəsin ifadə azadlığına hörmətlə yanaşmaqla yanaşı, ictimai rəyə və milli-mənəvi dəyərlərə zidd olan hallara qarşı cəmiyyət olaraq mövqe ortaya qoymalıyıq.

Unutmamalıyıq ki, gənclər bizim gələcəyimizdir. Onların formalaşmasında rol oynayan hər bir faktor — istər ailə, istər məktəb, istərsə də sosial media — məsuliyyət daşıyır. Bu baxımdan, sosial şəbəkələrdə hansı məzmunların populyarlaşdırıldığına qarşı daha ayıq olmalı və gənclərimizi sağlam, əxlaqlı və dəyərlərə bağlı fərdlər kimi yetişdirməyə çalışmalıyıq".

Müəllif: Günel Fərzəliyeva
Избранный
18
1
sia.az

2Источники