Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17 min manat dəyərində mal-qara oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N. Novruzov və 21 yaşlı H. Vəlizadə saxlanılıblar.
İdarənin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H. İsazadə tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.