RU

Qarabağda ədalət bərpa olundu: 2023-cü ilin böyük qələbəsi

BAKI, TurkicWorld

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat Qarabağdakı bütün erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasını nəzərdə tutsa da, sonrakı illərdə bu öhdəlik yerinə yetirilməmişdi.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara və sülh çağırışlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri Qarabağda qalmaqda davam etmiş, hətta onların sayı və hərbi potensialı artırılmışdı.

"Paralel olaraq, bölgədəki separatçılar müstəqillik iddialarını davam etdirərək qondarma "seçkilər" və "parlament" vasitəsilə Azərbaycan dövlətinə qarşı siyasi təxribatlar həyata keçirirdilər.

Azərbaycan, beynəlxalq hüquqa və üçtərəfli bəyanatın müddəalarına əsaslanaraq, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün 3 il ərzində səbirli və konstruktiv mövqe sərgiləyirdi. Həm reinteqrasiya təşəbbüsləri, həm də danışıqlar üçün çağırışlar bu siyasətin tərkib hissəsi olmuşdur. Lakin Ermənistan tərəfinin danışıqlardan yayınması və Azərbaycan ərazilərində mütəmadi təxribatlar törətməsi vəziyyəti gərginləşdirirdi. 2021-ci ildən etibarən başlanan sərhəd delimitasiyası prosesi də tərəflər arasında olan etimadsızlıq fonunda çətinliklər, silahlı insidentlər və toqquşmalarla müşayiət olunmuşdu. Xüsusilə 2022-ci ilin sentyabrında baş verən toqquşmalar müharibədən sonrakı dövrün ən qanlı insidenti kimi yadda qaldı. 2023-cü ildə isə həm Qarabağ daxilində, həm də dövlət sərhədində baş verən silahlı hücumlar Ermənistanın bölgədəki sülhə real maraqlı olmadığını göstərirdi. Bu, yalnız Azərbaycan suverenliyinin pozulması deyil, həm də bölgədə sülh və təhlükəsizlik üçün ciddi təhdid idi."

S.Mikayılova əlavə edib ki, ümumilikdə, bu dövr göstərdi ki, Azərbaycanın sülhə yönəlik çağırışları və humanist yanaşması qarşı tərəfdən adekvat cavab tapmadığı təqdirdə, ölkənin suverenliyi və təhlükəsizliyi üçün zəruri addımlar atılması qaçılmazdır.

"Ermənistan tərəfindən Qarabağa qanunsuz yollarla yüzlərlə hərbi texnika, o cümlədən tanklar, zirehli nəqliyyat vasitələri, artilleriya qurğuları, radioelektron mübarizə və hava hücumuna qarşı müasir sistemlər gətirilmişdi. Bu hərbi yığım Azərbaycan ərazisində antiterror əməliyyatının zəruriliyini qaçılmaz edirdi. Qısamüddətli və lokal xarakterli bu əməliyyat nəticəsində düşmənin hərbi potensialına ciddi zərbə vurulmuş, ərazidə yerləşdirilmiş çoxlu sayda silah və texnika sıradan çıxarılmışdır. Bundan əlavə, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra da terror fəaliyyətindən əl çəkmirdi, 2021-ci ildə öz ərazisində istehsal etdiyi minaları qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə ötürürdü. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər bu yolla bölgəyə minalar gətirilərək müxtəlif ərazilərdə basdırılırdı və nəticədə Azərbaycan vətəndaşları və hərbçiləri üçün ciddi təhlükə yaradırdı."

S.Mikayılova qeyd edib ki, büütün bu faktlar göstərir ki, Ermənistan nəinki üçtərəfli bəyanatın tələblərinə əməl etmirdi, həm də bölgədə sabitliyi pozmaq üçün aktiv şəkildə təxribatlar həyata keçirirdi.

"Azərbaycanın cavab tədbirləri isə ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Separatçıların Qarabağda qanunsuz fəaliyyətləri, xüsusilə də faydalı qazıntı yataqlarının qanunsuz istismarı və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdur. Bu narazılığın ifadəsi olaraq vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları tərəfindən Şuşa-Laçın yolunda etiraz aksiyası keçirilmişdi. Bundan əlavə, 2023-cü ilin aprelində Ermənistan tərəfindən Laçın yolundan qanunsuz hərbi məqsədlərlə istifadə edilməsi davam etdiyindən, Azərbaycan bu təhlükənin qarşısını almaq üçün Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsi qurdu. Bu addım ölkənin suveren hüquqlarının təmin olunmasına və ərazisində təhlükəsizliyin bərqərar edilməsinə yönəlmişdir."

Deputat bildirib ki, 2023-cü ilin 19 sentyabrında Ermənistan silahlı qüvvələrinin və separatçı silahlı dəstələrin Qarabağda törətdiyi genişmiqyaslı təxribat və terror aktları nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu və yaralandı.

"Bu təhlükəli vəziyyətə cavab olaraq Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı.Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçı silahlı qüvvələr təslim olmağa məcbur olmuş, erməni hərbi mövqeləri və texnikası dəqiqliklə hədəfə alınaraq sıradan çıxarılmışdır. Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əldə olunan razılaşma əsasında atəşkəs elan olunmuş və aşağıdakı əsas şərtlərlə antiterror əməliyyatı dayandırılmışdır: erməni silahlı qüvvələrinin və qeyri-qanuni silahlı dəstələrin tam tərksilah olunması, bölgəni tərk etməsi və bütün silah-sursatın təhvil verilməsi. Bu addım separatizmə son qoyaraq Azərbaycanın konstitusiya quruluşunun bərpasına imkan yaratdı."

S.Mikayılova vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da başlanan lokal antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm də humanist yanaşma nümayiş etdirdi.

"Çətin relyef və düşmənin möhkəmləndirilmiş mövqelərinə baxmayaraq, hərbçilərimiz qısa müddətdə ciddi uğurlar əldə edərək 406 kvadratkilometr ərazini nəzarət altına aldı. Düşmənin böyük sayda texnikası və canlı qüvvəsi sıradan çıxarıldı və ələ keçirildi. Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirildi. Ordumuza əmr verilmişdi ki, mülki şəxslərə zərər dəyməsin. Əhali SMS, vərəqələr və səsgücləndiricilər vasitəsilə xəbərdar edildi. Humanitar normalara uyğun olaraq, qadınlara, uşaqlara, yaşlılara və xəstələrə yardım göstərildi, mülki obyektlər qorundu."

Deputat bildirib ki, əməliyyatdan sonra uzun müddət danışıqlardan yayınan erməni icmasının nümayəndələri Yevlaxda Azərbaycan rəsmiləri ilə görüşməyə məcbur oldular.

"Görüşdə reinteqrasiya və separatçılığa son qoyulması məsələləri müzakirə olundu, erməni sakinlərə Azərbaycanın təkliflərini qəbul etmək və gələcəkləri ilə bağlı seçim etmək imkanı verildi. Bu, Azərbaycanın həm hərbi, həm də siyasi baxımdan məsuliyyətli davranışının göstəricisi oldu.

2023-cü il sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyanın qondarma rejimin ləğvi barədə sənəd imzalaması ilə Qarabağda separatçılıq rəsmi olaraq sona çatdı. Cəmi 24 saatdan az davam edən lokal antiterror əməliyyatı nəticəsində Ermənistan ordusu tərksilah olundu, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi və əsas separatçı liderlər həbs olundu. Azərbaycanın suverenliyi tam şəkildə təmin olundu. Bu tarixi Zəfər 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan bayrağını ucaltdığı anlarla rəmziləşdi. Bu hadisə Azərbaycan ərazi bütövlüyünün bərpasını və dövlətçilik tarixində mühüm bir mərhələnin tamamlanmasını ifadə edir."

Избранный
11
4
turkic.world

5Источники