RU

2025 Azərbaycan Qran-Prisi ərəfəsində bilməli olduğunuz ən vacib faktlar, statistika və maraqlı məlumatlar

Formula 1 sürücüləri və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisi üçün Bakı Şəhər Halqasında mövqe tutur.

Operativ Media xəbər verir ki, yarış təqviminin 17-ci mərhələsi məhz burada baş tutacaq.

Bakı Qran-Prisi 3 gün davam edəcək.

Sentyabrın 19-da, cümə günü – Birinci və İkinci sərbəst yürüşlər;

Sentyabrın 20-də, şənbə günü – Üçüncü sərbəst yürüş və sıralanma turu;

Sentyabrın 21-də, bazar günü – Qran Pri.

Əsas göstəricilər

İlk Qran Pri – 2017 (2016-cı ildə Avropa Qran Prisi kimi)

Trasın uzunluğu – 6.003 km

Dairə rekordu – 1 dəq. 43.009 san., Şarl Lekler, Ferrari, 2019

Ən çox poul mövqeyi – Şarl Lekler (4)

Ən çox qələbə – Serxio Peres (2)

Maraqlı fakt – Trasın ən dar hissəsi (8/9-cu döngə – “Qədim Şəhər” kompleksi) cəmi 7,6 metrdir

Poul mövqeyindən 1-ci döngənin əyləc nöqtəsinədək məsafə – 141 metr (təqvimdə ən qısa məsafə)

2024-cü ildə reallaşan ötmə sayı – 66

Təhlükəsizlik maşını ehtimalı – 57%

Virtual Təhlükəsizlik Maşını ehtimalı – 43%

Pit-stop vaxt itkisi – 19,7 saniyə (2,5 saniyəlik dayanma daxil olmaqla)

Colyon Palmer, keçmiş Renault F1 sürücüsü:

“Bakı çox uzun dövrəyə malikdir – burada hər şeyi bir araya gətirmək lazımdır. Uzun düzlüklər və böyük əyləc zonaları olan ilk sektor, sonra dolaşıq ikinci sektor və çətin üçüncü sektor var.

1-ci döngədə əyləc məqamı çox çətindir; finiş xəttindən sonra döngə tez gəlir, amma qəribədir ki, son döngədən oraya çatmaq uzun çəkir. Burada hava kölgəsindən (slipstream) istifadə etməklə böyük üstünlük qazanmaq mümkündür.

Bu, sıralanma turunda izləniləsi məqamdır. Həmçinin “out-lap”lar da önəmlidir. Trasın səthi çox aşındırıcı deyil, yəni ləng tempdə isinmə dövrəsi atsan, şinlər lazımınca qızmaya bilər və nəticədə 1-ci döngədə blokajla üzləşə bilərsən.

Trasın mərkəzində yerləşən məşhur qala hissəsi dar bir sahədir və qəzaların tez-tez baş verdiyi yerdir. Lakin ən çətin döngə yəqin ki, 15-ci döngədir. Burada sürətlənməklə dövrənin sonuna doğru irəliləyirsən, sağa doğru əyləc tuta-tuta görünməyən sola döngəyə girirsən. Orada nəinki trasdan çıxmamaq, həm də divarlardan yayınmaq vacibdir.

Bütün məsələ düzgün əyləcdən istifadə etməkdədir. Küçə traslarında olduğu kimi, burda da apeksdən yaxşı çıxış sürəti toplasan, böyük vaxt qazana bilərsən – sadəcə, divara toxunmamaq şərtilə.”

Azərbaycan Qran-Prisinin poul qalibləri

2024 – Şarl Lekler (Ferrari)

2023 – Şarl Lekler (Ferrari)

2022 – Şarl Lekler (Ferrari)

2021 – Şarl Lekler (Ferrari)

2019 – Valtteri Bottas (Mercedes)

Azərbaycan Qran-Prisinin qalibləri

2024 – Oskar Piastri (McLaren)

2023 – Serxio Peres (Red Bull)

2022 – Maks Ferstappen (Red Bull)

2021 – Serxio Peres (Red Bull)

2019 – Valtteri Bottas (Mercedes)

Şinlər və strategiya barədə məlumat

"Pirelli"nin ön baxışında bildirilir:

“Küçə trasında aşınma və tutuş az olur. 2024-cü ildəki seçimi təkrarlasaq, mütləq birpitlik strategiya qaçılmaz olardı. Bu dəfə isə, cari şinlərin “graining” problemindən daha az əziyyət çəkməsi səbəbindən iki pit-stop ehtimalı da mümkündür.

Üstəlik, komandalar son yarışlarda, xüsusən Monzada şin idarəçiliyini yaxşı öyrəniblər. Bu səbəbdən çox fərqli strategiyalar görmək ehtimalı azdır. Bakı uzun düzlükləri ilə də fərqlənir və bu da şinlərə böyük vertikal yüklənmə gətirir.”

Cari vəziyyət

Avstriya Qran-Prisindən bəri ilk dəfə McLaren çempionatda lider kimi qələbəyə qayıtmağı hədəfləyir. Son yarışda Monzada Red Bull və Maks Ferstappenin möhtəşəm qələbəsi rəqabəti daha da qızışdırdı.

Bu dəfə Bakı Şəhər Halqasında  "McLaren"lərlə niderlandlı sürücü arasında növbəti duel şahidi ola bilərikmi? "Ferrari" ilə Şarl Lekler ardıcıl beşinci poulunu qazana biləcəkmi? "Mercedes" yenidən ön sıralarda mübarizəyə qoşula bilərmi?

Həmçinin, "McLaren"in “Odlar yurdu”nda 2025-ci il Komandalar Çempionatını vaxtından əvvəl təmin etmək şansı var. Komandanın "Ferrari" üzərində böyük xal üstünlüyü mövcuddur və bu həftəsonu həlledici ola bilər.

Orta qrupdakı mübarizə isə hər zamankı kimi gərgindir – "Williams" (5-ci), "Aston Martin" (6-cı), "Racing Bulls" (7-ci), "Kick Sauber" (8-ci) və "Haas" (9-cu) arasında cəmi 42 xal fərq var. "Alpine" isə 10-cu yerdə geridə qalıb. Bakıdakı dramatik yarış tarixini nəzərə alsaq, bu həftəsonu həmin komandalar üçün böyük xal imkanı yarana bilər.

Unudulmaz an

Azərbaycan Qran-Prisi hər zaman dramatik və hadisələrlə dolu yarışlara ev sahibliyi edib. Bakıdakı sürətli tras və sərt beton divarlar bir çox sürücünü çətin vəziyyətdə qoyub.

Amma xüsusilə yadda qalan məqamlardan biri 2017-ci ildə Daniel Rikkardonun möhtəşəm ötmələri idi. Onun əsas uğuru isə əsas düz yolda üç maşını birdən keçməsi olmuşdu. "Renault"dan Niko Hülkenberq, "Williams"dan Felipe Massa və "Lens Stroll"un arxasında gedən avstraliyalı, ideal hava kölgəsi tutaraq son anda əyləcə basdı və divara toxunmadan inanılmaz manevri reallaşdırdı.

Bu ötmə Formula 1 tarixinin ən möhtəşəm anlarından biri kimi xatırlanır.

Избранный
26
operativmedia.az

1Источники