RU

Azərbaycan-Ermənistan sülhünün “institutlaşdırılması” nə deməkdir...


Bəhruz Quliyev: “Bu, dövlətlərarası münasibətlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi deməkdir”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. Bu barədə Paşinyan X sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, - Paşinyan yazıb.

Maraqlıdır, Azərbaycan-Ermənistan sülhünün “institutlaşdırılması” nə deməkdir? Paşinyan bunu deyərkən nəyi nəzərdə tutur?

“Paşinyanın vurğuladığı “sadiqlik” göstərir ki, Ermənistan artıq sülhü təkcə imzalanmış saziş kimi deyil...”

Sözügedən məsələyə aydınlıq gətirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla sülhün institutlaşdırılması” barədə bəyanatı əslində tərəflər arasında əldə olunmuş razılaşmaların sadəcə sənəd və bəyanat səviyyəsində qalmaması, onların real, hüquqi və praktiki mexanizmlərlə möhkəmləndirilməsi deməkdir. "Sülhün institutlaşdırılması" dedikdə nə nəzərdə tutulur? Gəlin bu suala aydınlıq gətirək. İlk növbədə "Hüquqi baza", yəni imzalanmış sülh sazişinin beynəlxalq müqavilə statusu qazanaraq dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirməsi. Sonra "Daimi mexanizmlər" yəni sərhəd komissiyaları, iqtisadi və nəqliyyat üzrə birgə qurumların yaradılması, gündəlik fəaliyyət göstərən dialoq platformalarının təşkili. Daha sonra "İnteqrasiya layihələri", xüsusilə Zəngəzur dəhlizi (TRIPP) kimi regional kommunikasiya və əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi. Düşünürəm ki, "Normallaşmış siyasi münasibətlər" də institutlaşma dedikdə əsas element kimi götürülür. Yəni ki, diplomatik nümayəndəliklərin açılması, parlamentlərarası və ictimai müstəvidə əməkdaşlığın genişləndirilməsi və s. Bir sözlə, Paşinyanın vurğuladığı “sadiqlik” göstərir ki, Ermənistan artıq sülhü təkcə imzalanmış saziş kimi deyil, həm də dövlət idarəçiliyinin və gündəlik siyasi praktikaların bir parçası kimi qəbul etməyə hazırdır. Bu isə o deməkdir ki, Ermənistan real vəziyyəti artıq qəbul edir və dərk edir ki, bölgədə uzunmüddətli sülh, sabitlik əməkdaşlıq perspektivlərinin əsas şərtlərindən biridir”.

Vidadi ORDAHALLI

Избранный
39
baki-xeber.com

1Источники