RU

Deputat: “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq”

“Əgər güzəştin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq. Belə ki, hazırda 1000 manat maaş alan bir işçi gəlir vergisi əvvəlki qaydada bərpa olunarsa, artıq həmin məbləği tam şəkildə ala bilməyəcək. Bu səbəbdən də işəgötürənlərin əməkhaqlarını müvafiq şəkildə artırması vacib olacaq ki, işçi əvvəlki səviyyədə məvacibini əldə edə bilsin. Əks halda, əmək bazarında narazılıqlar yarana, mövcud balanslaşma pozula bilər. Düşünürəm ki, vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

 

“Məlumdur ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün bitməsidir. Hazırda əməkhaqqısı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur. Demək olar ki, yeddi il müddətində qüvvədə olan bu güzəşt qeyri-neft sektoruna ciddi dəstək verdi. Tətbiq olunan güzəşt müəssisələrin yükünü azaltmaqla yanaşı, işçilərin gəlirinin artmasına da səbəb oldu. Ümumi mənada bu dəyişiklik kompensasiya xarakteri daşıyırdı . Vergi güzəştinin daha yeddi il uzadılması düşünürəm ki, həm özəl sektorun güclənməsi, həm də qeyri-neft sahəsində rəqabətqabiliyyətli mühitin formalaşması baxımından mühüm töhfə verərdi”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Sentyabr 2025, 15:59   
Избранный
17
pravda.az

1Источники