RU

Əli Əsədov TDT ölkələrinin Bişkek görüşündə Zəngəzur dəhlizinin önəmindən danışdı


Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov görüşdə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Əsədov türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

İqtisadi əməkdaşlığın dinamikasından məmnunluq ifadə edən Baş nazir cari ilin yanvar-iyul aylarında Azərbaycanın TDT dövlətləri ilə ticarət əlaqələrinin 8 faizdən çox artdığını diqqətə çatdırıb. İnvestisiya sahəsində əməkdaşlıq barədə danışan Baş nazir Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcminin 21 milyard ABŞ dollarına yaxın olduğunu vurğulayıb. “Biz üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla birgə investisiya fondları yaratmışıq və bu, iqtisadiyyatın prioritet sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir”, - deyə Baş nazir bildirib.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi və regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb. “Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşinqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Ə.Əsədov qeyd edib.

Görüşdə rifahın, inkişafın və regional inteqrasiyanın təşviqində TDT-nin rolu, həmçinin ticarət, investisiya, nəqliyyat, enerji və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əlaqələr, təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsi üçün TDT mexanizmlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

ZÜMRÜD

Избранный
14
15
baki-xeber.com

10Источники