RU

Xaçmaz sakinləri TƏHLÜKƏ ALTINDA… – Foto, Video

Xaçmaz rayonunda sakinlərin müraciətindən sonra aparılan qaz xətti və dam təmiri işləri yerli sakinlər üçün fəlakətlə nəticələnib. Ötən il başlanılan işlər yarımçıq, təhlükəli və nizamsız aparılıb, nəticədə evlər su altında qalıb və elektrik/yanğın riski yaranıb.

Bu barədə Tribunainfo.az-a Xaçmaz rayon sakinləri məlumat veriblər. Sakinlərin müraciətində qeyd olunub ki, onlar mövcud problemləri ilə bağlı 2024-cü ildə Xaçmazın icra başçısı Elnur Rzayevin qəbulunda olublar. Qəbuldan sonra icra başçısı sakinlərin müraciəti əsasında sözügedən əraziyə qazın çəkilişi, dam örtüklərinin dəyişdirilməsi üçün göstəriş verib. 2025-ci ilin avqustunda göstərişə əsasən borular çəkilib, evlərin köhnə dam örtüyü yenilənmək məqsədilə tamamilə sökülüb.

Sakinlər bildirib ki, bu ilin 24 avqust tarixində bir neçə fəhlə dam təmirinə başlayıb. Sakinlər gündəlik olaraq fəhlələrə yemək gətirib, işlər məhəllədə uzun müddət davam edib.
Şikayətçilər bildirib ki, 6 sentyabr axşamı güclü yağış nəticəsində dam örtükləri tamamilə sökülmüş bir çox mənzili su basıb. Fövqəladə Hallar Nazirliyi (FHN), təcili yardım və polis çağırılıb, lakin vəziyyətin aradan qaldırılmasında yetərli tədbir görülməyib. Sakinlər gecə saatlarında suyu vedrələrlə daşıyaraq özləri vəziyyətdən çıxmağa çalışıblar.
Şikayətçilər bildirib ki, 11 sentyabrda icra nümayəndəsi və başqa şəxslər gəlib, ərazini brizentlə bağlayıblar, lakin gələn həftələrdə də iş tam bərpa olunmayıb. Şikayətçilər əlavə edib ki, FHN işə yönləndirilsə də, icra hakimiyyəti icazə verməyib. Həmçinin sakinlərin sözlərinə görə, işə cəlb olunan şirkətlərin də (tenderi qazanan şirkət) adı yerli camaata tanış deyil, ümumiyyətlə şirkətin adı aydın qeyd edilmir, işi kimin apardığı məlum deyil. Belə olduğuna görə də sakinlər daha da narahat olub.
Saytımıza müraciətində sakinlər bildirib ki, evlərin damındakı taxtalar yararsız vəziyyətdə olduğu və dam təmiri də gecikdiyi üçün təhlükə içindədirlər:
“Yarımçıq aparılan işlər elektrik hərəkəti və yanğın üçün risk yaradıb. Xətlər açıqdır. Gərək kimisə cərəyan vursun. Yerli icra hakimiyyətinin, Bələdiyyənin və aidiyyəti qurumların heç biri problemimizlə maraqlanmır. Qorxudan işığı yandıra bilmirik, çünki cərəyan vurur.
Bu işi onlar başladıb, yarımçıq qoyub gediblər.
Biz özümüz gecələr evlərə dolan suyu daşıyırıq. Körpəsi, yaşlısı, xəstəsi olanlar var. Kim başladıb işi, kimlər damı söküb qoyub gedibsə, gəlsin indi də tədbir görsün”.
Şikayətçilərin müraciətində qeyd olunub ki, Xaçmazda təşkilatlanma zəifdir, aidiyyəti qurumlar – icra hakimiyyəti, FHN, bələdiyyə arasında koordinasiya yoxdur və nəticə etibarilə sakinlər problemlə təkbaşına mübarizə aparırlar.
Şikayətçi əlavə sübutlar üçün videolar və şəkillər də təqdim edib.
Sakinlər icra hakimiyyətinin və müvafiq qurumların dərhal əraziyə göndərilməsini və yarımçıq işlərin təhlükəsiz şəkildə dayandırılıb, zəruri təmir-bərpa işlərinin başladılması tələb edir:
“FHN və elektrik xidməti gəlib təhlükəsizliyi yoxlasın. Eelektrik sızması, yanğın riski var. Podratçı və tender qalibi şirkətin tam adı məlum deyil. İşi kim aparır, hansı əsasla başlayıb, niyə yarımçıq qalıb bildirilmir. Biz icra hakimiyyətinin qəbulunda olanda şəxsən Elnur Rzayevdən kömək istəmişdik. Onun göstərişindən sonra gəlib dam örtüklərini sökdülər və bu problemlər başladı. İndi də gəlib dam örtüklərini nə bərpa edirlər, nə yenisini çəkirlər, nə də problemimizi aradan qaldırırlar.
Zərərçəkmiş sakinlərə kömək lazımdır. Evlərə dolmuş suyu öz gücümüzə çıxarırıq. Qarşıdan soyuqlar gəlir. Aidiyyəti qurumlar problemin həllində tələssələr yaxşı olar”.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Избранный
27
3
yenilik.az

4Источники